BAKI, 6 dekabr — Sputnik. Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi məsələsi təşkilatın üzv dövlətlərinin qarşılıqlı öhdəlikləri ilə bağlı problemlər barədə danışmaq üçün səbəbdir. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüş zamanı bildirib.
"Biz aydın cavablar istəyirik. Heç kəs bizi hər hansı bir maddə ilə öz tərəfdaşlıq öhdəliklərimizi yerinə yetirməməkdə ittiham edə bilməz. Ermənistan etibarlı tərəfdaş olduğunu sübut etdi. Çox təəssüflər olsun ki, biz bu sözləri KTMT üzrə digər tərəfdaşlarımız barədə deyə bilmərik", - deyə erməni lider bildirib.
Paşinyan qeyd edib ki, ölkə kimə etibar edə biləcəyini aydınlaşdırmalıdır: "Əminəm ki, KTMT Azərbaycanın Qarabağ münaqişəsini hərbi yolla həll etmək istəyinin qarşısını alacaq. Belə bir sual meydana çıxır: KTMT bu alətdən istifadə etməyə hazırlaşır, ya yox? Bizim üçün bu məsələ strateji əhəmiyyətə malikdir. Baş katib məsələsi isə 50-ci məsələdir. Qoy o vəzifədə daima Belarus təmsilçisi olsun, amma götürülən öhdəliklər yerinə yetirilsin. Bizə qarşılıqlı razılaşmalar və onların tam olaraq yerinə yetirilməsi lazımdır".