Putin Poroşenko ilə danışmamasının səbəbini açıqladı

“Mən onun seçki kampaniyasında iştirak etmək istəmirəm"
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Pyort Poroşenkonun telefonla danışmaq cəhdlərinə reaksiya verməməsinin səbəbini açıqlayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidenti ukraynalı həmkarının seçki ilə bağlı "sadə kombinasiyalarında" iştirak etmək istəmədiyini vurğulayıb.

Putin Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşə bilər

"Məsələ bundadır ki, mən sadəcə bundan yayınıram və Pyotr Alekseyeviçlə danışmaq istəmirəm. Mən onun seçki kampaniyasında iştirak etmək istəmirəm" - deyə Putin izah edib.

Onun sözlərinə görə, Poroşenko süni olaraq böhran və təxribat xarakterli vəziyyət yaradır, dərhal da baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərinə atır və "yalnız bundan sonra yaranmış problemləri uğurla həll etdiyini nümayiş etdirmək istəyir".

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna ilə Rusiya gəmiləri arasında insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıb. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində Ukraynaya məxsus "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda günahlandırır.

Hadisə ilə bağlı Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Belə ki, hərbi vəziyyət 26 noyabr, Bakı vaxt ilə saat 16:00-da tətbiq olunub və 26 dekabr saat 16:00-a qədər davam edəcək.