BAKI, 5 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi Gəncə şəhərində baş verən rezonanslı olayla bağlı açıqlama yayıb.
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gəncə sakini Yasin Qarayevin bəzi xəbər saytlarında yerləşdirilmiş müraciətində Şəhər Baş Polis İdarəsinin əməkdaşları barədə səsləndirdiyi iddialar həqiqətə uyğun deyil və böhtan xarakterlidir.
Belə ki, Yasin Qarayev cari il mayın 10-da DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək 15 yaşlı oğlunun mənzildəki 40 min ABŞ dollarını, 15 min manatı və 3 min manat dəyərində qızıl zinət əşyalarını oğurlayaraq hadisə yerini tərk etdiyini bildirib. Daha sonra Y.Qarayev bu barədə Kəpəz RPİ-yə ərizə ilə də müraciət edib.
Faktla bağlı Gəncə Şəhər BPİ-nin İstintaq İdarəsində araşdırmalar aparılıb. İyunun 10-da isə həmin yeniyetmənin yaşca özündən böyük tanışı ilə Bakı şəhərində kirayə tutduqları mənzil polis əməkdaşları tərəfindən müəyyən edilib, müraciət müəllifinin oğlu saxlanılaraq elə həmin gün valideynlərinə təhvil verilib.
“Yaxın dostları və digərləri tərəfindən hədələndiyinə görə guya oğlunun yaşadığı evdən oğurluq etməyə məcbur qalması barədə atanın məlum müraciətində əksini tapmış iddialara cavab olaraq bildiririk ki, istintaq orqanı tərəfindən hadisəyə aidiyyatı olan bütün şəxslər müəyyən edilərək ifadələri alınıb, lakin bu zaman həmin iddialar öz təsdiqini tapmayıb” – deyə açıqlamada qeyd olunur.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Yasin Qarayev müsahibəsində oğlunun oğurlandığını və cinayətkarların azadlıqda gəzdiyini bildirmişdi.