İlham Əhmədov Sputnik Azərbaycan
BAKI, 5 dekabr — Sputnik. Oğuz rayonunun bir qrup sakini Padar kəndi yaxınlığındakı yol kənarlarında, eləcə də bəzi sahələrdə yaşıllıq zolağının məhv edilməsi barədə Sputnik Azərbaycan-ın redaksiyasına şikayət edib. Şikayətçilərin iddiasına görə, rayonun "Azpetrol" yanacaqdoldurmə məntəqəsi və "Azərenerji"nin yerli şöbəsinin yerləşdiyi ərazidə yol boyu və yoldan kənarda əkilmiş ağaclar qanunsuz şəkildə kəsilir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən əraziyə yollanaraq şikayətçilərin dediklərini araşdırıb. Bəlli olub ki, sakinlər haqlıdırlar.
Yollandığımız ərazidə qarşılaşdığımız mənzərə heç də ürəkaçan olmadı. Sözügedən yerdə olduğumuz zaman ağacların budanması və təhlükə yaradan ağacların kəsilməsi işləri aparılırdı. Lakin yoldan bir qədər kənar hissələrdə qurumamış, yaşıl, heç bir təhlükə doğurmayan ağacların da kütləvi şəkildə kəsildiyini müşahidə etdik.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı idarəsi ilə əlaqə saxladıq. Zəngimizdən sonra idarənin Oğuz rayon üzrə nümayəndəsi Bəhruz Həbibullayev əraziyə gələrək, məsələyə aydınlıq gətirdi. Bildirdi ki, ağaclar tam qanunauyğun şəkildə nazirliyin müvafiq qərarı ilə kəsilir.
Amma gördüyümüz mənzərə vəziyyətin heç də deyilən kimi olmadığını aydın göstərirdi. Ərazidə yaşayan insanlar da idarə rəsmisinin dediklərinin tam əksini söylədilər. Onlar vurğuladılar ki, sözügedən ərazidəki ağaclar mütəmadi olaraq bəzi şəxslər tərəfindən qanunsuz şəkildə kəsilir. Bəhanə olaraq isə payız aylarına xas olan budama və cürük ağacların ərazidən təmizlənməsi işlərinin aparıldığını gətirirlər.
Ərazidə yaşayan sakinlərin ən böyük istəyi qanunsuz olaraq ağac kəsiminin qarşısının alınması, yay, eləcə də digər aylarda ərazinin həm gözəlliyinin, həm də ekologiyasının qorunması və bərpasıdır.
Ümid edirik ki, qaldırılmış məsələ ilə bağlı aidiyyatı qurumlar tərəfindən ciddi araşdırma aparılacaq. Oğuzda təbiətə "divan tutan" şəxslər barədə lazımi tədbirlər görüləcək.