BAKI, 4 dekabr - Sputnik. Ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin 31-ci maddəsində (Ümumi təhsil sahəsində sahibkarlıq fəaliyyəti) əksini tapıb.
Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir. Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.
Dövlət ümumi təhsil müəssisələrində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün müvafiq tədbirlər görür.
Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.