TƏHLİL

Bankların problemlərə yol açan davranışına görə cəzalar sərtləşdirilib

Ekspertlər Azərbaycanda maliyyə institutlarına qarşı sanksiyaların artırılmasını müsbət qiymətləndirirlər
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, ölkənin normativ hüquqi aktlarının, habelə beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə maliyyə sanksiyasının həcmi 5 dəfə artırıla bilər. Hər belə hesab və ya əməliyyat üçün maliyyə sanksiyasının 100 manatdan 500 manata qaldırılması təklif edilir. Bu, Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Ekspertlər Azərbaycanda maliyyə institutlarına qarşı maliyyə sanksiyalarının artırılmasını Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, maliyyə institutları deyəndə, əsasən banklar, sığorta təşkilatları, investisiya fondları nəzərdə tutulur: "Amma Azərbaycanda maliyyə institutları deyəndə, hazırda daha çox banklar nəzərdə tutulur. Çünki ölkədə banklar maliyyə sektorunun əhəmiyyətli hissəsini təşkil edir. Ölkəmizdə maliyyə sektorunun 92 faizdən çox hissəsini banklar təşkil edir. Buna görə də qanunvericiliyə dəyişiklik edilərkən bank sektorunda baş verənlər nəzərə alınır və oradan çıxarılmış nəticələr əsasında dəyişiklik edilir".

"Bankların hesabatlarında, eyni zamanda öz fəaliyyətlərində yol verdikləri nöqsanların statistikasında ciddi problemlər var. Banklar hesabatları vaxtlı-vaxtında təqdim etmir. Bu isə, son nəticədə sektorla bağlı real vəziyyətin zamanında qiymətləndirilməsi üçün çətinlik yaradır. Eyni zamanda aidiyyəti qurumların nəzarət imkanlarını məhdudlaşdırır" - deyə o bildirib.

Ekspertin fikrincə, sanksiyaların artırılmasında hər hansı ciddi problem yoxdur: "Bütün iqtisadi institutlar kimi, banklar və digər maliyyə təşkilatları da hesabatlarını vaxtında təqdim etməlidir. Çünki hüquqi və fiziki şəxslərə hesabların açılması kimi fəaliyyətlər son nəticədə bir neçə dövlət qurumunun paralel olaraq həyata keçirməli olduğu əməliyyatlardır. Bank hesabı açılırsa, avtomatik olaraq vergidə qeydiyyat aparılmalı və digər bu kimi koordinasiya təmin olunmalıdır".

"Nöqsana yol verilirsə, bu zaman koordinasiyanın təmin olunmasında problemlər ortaya çıxır və sonradan bu, hüquqi və fiziki şəxslərin fəaliyyətində çətinliklərin yaranmasına gətirib çıxarır. Eyni zamanda onların rəsmi öhdəliklərini yerinə yetirməsi üçün hüquqi zəminin formalaşmasını çətinləşdirir" - deyə R,Həsənov bildirib.

Onun qənaətincə, sanksiyaların artırılması, böyük ehtimalla, ondan xəbər verir ki, sektorda ciddi problemlər var: "Bunun həlli üçün daha konkret addımların atılmasına ehtiyac olub ki, sanksiyaların kəskin şəkildə artırılması ilə bağlı qərar qəbul edilib".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə, sanksiyaların sərtləşdirilməsini düzgün hesab edib: "Maliyyə institutlarının vaxtında məlumat verməməsi, o cümlədən bank hesabının açılması bütövlükdə ölkədə uçot və sistemləşdirməyə mane olur. Adi sahibkar vaxtında məlumat vermirsə, bu, özünə aiddir. Amma maliyyə institutu pozuntu edən zaman zəncirvari şəkildə digərlərinə də aid olur və vergi, həmçinin digər dövlət orqanlarının işini pozur".

"Bu baxımdan maliyyə institutlarının pozuntularına görə sanksiyalar digərlərinə qarşı sanksiyalardan çox olmalıdır. Yəqin maliyyə institutlarının pozuntu halları artıb ki, daha sərt sanksiyalar tətbiq edilir" - ekspert vurğulayıb.

Onun sözlərinə görə, maliyyə institutları adi sahibkarlardan fərqli olaraq kifayət qədər maliyyə vəsaitinə, çoxlu sayda kadrlara - məsləhətçilərə, maliyyəçilərə, hüquqşünaslara, mühasiblərə malikdir və onlar belə pozuntulara yol verməməlidir: "Maliyyə institutlarının müştəriləri olan sahibkarlar da pozuntu nəticəsində vergidən yayınır və s. Ona görə də sanksiyaların artırılması düzgündür".

Qeyd edək ki, maliyyə institutları ilə bağlı təklif olunan digər dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 16.1.11-4-cü maddəsində göstərilən elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə maliyyə sanksiyasının məbləği 10 dəfə artırılaraq 1000 manatdan 10000 manata çatdırılacaq.

Digər dəyişikliyə əsasən isə, bu Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulması həmin müqavilələrin tərəfi olan digər dövlətin səlahiyyətli orqanının bildirişinə əsasən aşkar olunduqda hər belə hesab üçün 100 manat əvəzinə, 1000 manat maliyyə sanksiyası tətbiq olunacaq.