İlham Əliyev bir sıra rəsmi görüşlər keçirib

Görüş zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Sputnik

BAKI, 4 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün bir sıra rəsmi görüşlər keçirib. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident qarşılıqlı səfərlərin, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu qeyd edib. Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərimizin inkişafında böyük önəm daşıdığını bildirib, bu baxımdan ABŞ höküməti və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Prezident İlham Əliyev Respublika günü və enerji sahəsində əməkdaşlıq mövzusunda ABŞ Prezidentinin ünvanladığı məktubların da əhəmiyyətini qeyd edib.

İlham Əliyev bir sıra rəsmi görüşlər keçirib

Dövlətimizin başçısı NATO çərçivəsində də əlaqələrin inkişafından məmnunluğunu bildirərək, NATO mənzil qərargahına son uğurlu səfərini bu təşkilatla əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev qeyd etdi ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda ölkəmizin iştirakı və orada Qətiyyətli Dəstək Missiyasında hərbçilərimizin sayının artırılması Azərbaycanın bu ölkədə ümumi sülhyaratma səylərinə verdiyi töhfəsini nümayiş etdirir. Azərbaycanın etibarlı və sabit tərəfdaş olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin, həmçinin ikitərəfli əsasda da Əfqanıstanda həyata keçirilən quruculuq və yenidənqurma işlərinə öz töhfəsini, xüsusilə ASAN xidmət təcrübəsinin Əfqanıstanda da tətbiqinə dəstək verdiyini bildirib.

Dövlətimizin başçısı xanım Laura Kuperin səfərinin və ölkələrimiz arasında müdafiə sahəsində məsləhətləşmələrin əməkdaşlığımızın inkişafına əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Ölkəmizə səfərinin Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıdığını deyən ABŞ Müdafiə naziri müavininin müşaviri xanım Laura Kuper qeyd edib ki, ABŞ rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Xanım Laura Kuper Azərbaycanla ABŞ arasında terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması və ümumilikdə təhlükəsizlik sahəsində əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına dəstəyini və tranzit daşımaları üçün yaratdığı imkanları yüksək qiymətləndirib.

Prezident İlham Əliyev daha sonra Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev bir sıra rəsmi görüşlər keçirib

Dövlətimizin başçısı Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində böyük heyətlə iştirakından məmnunluğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində uğurla inkişaf etdiyini bildirdi. Nəqliyyat sahəsində əməkdaşlığımıza toxunan dövlətimizin başçısı ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən danışaraq, keçən il istifadəyə verilən Bakı-Tbilis-Qars dəmir yol layihəsinin təkcə regionda deyil daha geniş məkanda böyük önəm daşıdığını vurğulayıb. Dövlətimizin başçısı rabitə sahəsində də ölkələrimizin birgə iş birliyi apardıqlarını, Türkiyə şirkətlərinin bu sahədə uzun illər fəaliyyət göstərdiklərini deyib və rabitə sahəsində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycanla Türkiyə arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu vurğulayan qonaq Azərbaycanda bütün sahələrdə, o cümlədən infrastruktur və şəhərsalmada böyük inkişafın şahidi olduğunu dedi. Mehmet Cahit Turhan bildirib ki, "ulu öndər Heydər Əliyevin ifadəsi ilə desək, Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət”dir və Azərbaycanın əldə etdiyi uğurlar Türkiyədə böyük sevinclə qarşılanır". Türkiyəli nazir Azərbaycanla Türkiyənin bundan sonra da birgə uğurlu layihələr həyata keçirəcəklərini məmnunluqla qeyd edib.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

İlham Əliyev bu gün, həmçinin İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

İlham Əliyev bir sıra rəsmi görüşlər keçirib

Dövlətimizin başçısı Məhəmməd Cavad Azəri Cəhrominin XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirakından və İranın bu tədbirdə geniş sayda şirkətlərlə təmsil olunmasından məmnunluğunu bildirib. Sərginin ənənəvi olaraq keçirildiyini deyən Prezident İlham Əliyev burada İran şirkətlərin daim iştirak etdiyini vurğulayıb. Azərbaycanla İranın müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində yaxşı əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlətimizin başçısı müntəzəm qarşılıqlı səfərlərin, eləcə də nazirlər səviyyəsində təmasların yaxşı səviyyədə olduğunu bildirib. Dövlətimizin başçısı İKT sahəsində həm ikitərəfli səviyyədə, həm də regional çərçivədə əməkdaşlıq üçün yaxşı imkanlar açıldığını deyib.

Qəbula görə minnətdarlığını bildirən İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ölkələrimiz arasında İKT sahəsində yaxşı əməkdaşlıq həyata keçirildiyini bildirib. O, əməkdaşlığın təkcə ikitərəfli səviyyədə deyil, eləcə də İran, Azərbaycan, Türkiyə, Rusiya səviyyəsində genişləndirilməsi üçün səmərəli müzakirələrin aparıldığını deyib. Məhəmməd Cavad Azəri Cəhromi keçən il Azərbaycan Prezidenti ilə görüşdən ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi və layihələrin icrası ilə bağlı çoxlu işlərin görüldüyünü məmnunluqla qeyd edib.

Görüş zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.