Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 4 dekabr — Sputnik. Bu gün Azərbaycan Dillər Universitetində "Forbidden history of Armenia and Azerbaijan" ("Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi") filminin ingiliscə təqdimatı ilə bağlı dəyirmi masa keçirilib.
Dəyirmi masada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Ermənistan-Azərbaycan Sülh Platformasının Direktoru Dilara Əfəndiyeva və digər şəxslər iştirak ediblər.
"Filmin ingilis dilinə tərcümə edilməsi olduqca yaxşı təşəbbüsdür. Film ingilis dilinə tərcümə edildikdən sonra dünyanın bir sıra ölkələrində maraqla qarşılandı. Mən, həmçinin ingilis dilinə dublyaj edilən filmin internet resurslarda yerləşdirilməsini alqışlayıram. Hesab edirəm ki, bu bizim Ermənistanla olan informasiya müharibəsində atılan olduqca önəmli addımdır. Bu addım bizim İnformasiya müharibəsində Ermənistana qalib gəlməyimizdə əhəmiyyətli rol oynayacaq", - deyə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov bildirib.
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov isə çıxışı zamanı qeyd edib ki, film özü sırf arxiv materiallar əsasında hazırlanıb: "Biz 6-7 ölkənin arxivlərini araşdırmışıq. Film hazırlanarkən, həmçinin beynəlxalq hüquqi sənədlərdən istifadə olunub. Film daha əvvəl üç dildə yayımlanırdı - Azərbaycan, rus və gürcü dillərində. Bu gün filmin ingilis dilinə dublyaj edilmiş versiyası təqdim olunur. Yaxın gələcəkdə isə film alman dilində işıq üzü görəcək".
Film Ermənistan Mədəniyyət Nazirliyi və Yerevan meriyasının sifarişi ilə çəkilmiş Azərbaycan əleyhinə yönəlmiş təbliğat xarakterli "Falsification of History – Azerbaijan" ("Tarixin saxtalaşdırılması - Azərbaycan") filminə cavab olaraq Qafqaz Tarixi Mərkəzi tərəfindən hazırlanıb.
Filmdə toplanan ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Gürcüstan və s. ölkələrin nadir arxiv materialları, xəritələr, kino və foto kadrlar əsasında indiki Ermənistanın və paytaxt Yerevanın qədim Azərbaycan torpaqları – İrəvan xanlığının ərazisi olması sübuta yetirilmiş, yalançi erməni təbliğatının bir sıra tarixi uydurmaları, Azərbaycan və onun xalqına qarşi istifadə olunan tarixi-ideoloji saxtakarlıqlar ifşa olunub. Filmin müəllifi Fuad Axundovdur (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri). Elmi məsləhətçi Rizvan Hüseynov (AMEA-nın Hüquq və İnsan haqqları İnstitutunun böyük elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin sədri), ingilis dilinə tərcümə edən isə Emil Abdurəhmanovdur (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əcnəbi Tələbələr Dekanlığının müfəttişi).