Hökumət etirazçıların qarşısında geri çəkildi

Sputnik

BAKI, 4 dekabr — Sputnik. Fransa rəhbərliyi ölkəni bürüyən etirazlar fonunda yanacağa tətbiq olunan vergi rüsumlarına altı aylıq moratorium tətbiq edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Zorakılıq dayanmalıdır. Biz respublikanın prezidenti (Emmanuel Makron) ilə bu qərar verdik. Yanvarın birindən qüvvəyə minməli olan üç vergi qanunu barədə. Məsləhətləşmələrdən sonra mən qüvvəyə minməli olan bu üç vergi qanunu 6 ay müddətinə dondururam. Qərarlar bütün tərəflərlə müzakirələr aparılmadan qəbul edilməyəcək", - deyə Fransanın baş naziri Eduar Filipp bildirib.

Onun sözlərinə görə, heç bir vergi xalqın birliyini təhdid altına ata bilməz.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə dekabrın 1-də keçirilmiş "sarı jiletlilər" hərəkatının etiraz aksiyaları nəticəsində dəymiş zərər ilkin qiymətləndirmələrə görə, 3 milyon avrodan çox olub. Küçə iğtişaşlarına çevrilmiş etirazlar nəticəsində 133 nəfər yaralanıb, onlardan 23-ü polisdir.