CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Senzuranı geri qaytarmalı: Sənət adamlarının canına vəlvələ salacaq təklif

"Yaradıcılıq nümunələri senzuradan keçməli, peşəkarlardan ibarət bədii şuralar yaradılmalıdır"
Sputnik

BAKI, 3 dekabr — Sputnik. Ölkənin sənət həyatında baş alıb gedən qeyri-peşəkarlıq, bayağılıq, primitivlik Rusiyanın peşəkar sənət adamlarını özündən çıxarmaqdadır. İş o yerə çatıb ki, Rusiyanın xalq artisti Mixail Boyarski sənət dünyasına nəzarət edəcək senzuranın və bədii şuraların bərpa olunması təşəbbüsü ilə çıxış edib.

Mixail Boyarski hesab edir ki, istənilən yaradıcılıq peşəkarlar tərəfindən qiymətləndirilməlidir. Yalnız yerli tamaşaçılara layiq olub-olmadığı müəyyən edildikdən sonra həmin yaradıcılıq nümunəsinin kütləvi yayımına icazə verilə bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə fikirlərini aktyor "Dojd" telekanalının efirində səsləndirib.

Mətbuat Şurasının sədri: Qadağa və senzura çıxış yolu ola bilməz

"Məktəbdə şagirdlərin biliyini qiymətləndirən pedaqoqlar olduğu kimi, artistlərin də yaradıcılıq qabiliyyətini qiymətləndirən bədii şura olmalıdır. Bu qurum ölkənin ən ağıllı və peşəkar insanlarından təşkil edilməlidir. Yaradıcılığı "ağıl, şərəf və vicdan" kriteriyaları əsasında qiymətləndirmək vacibdir" - deyə Boyarski bildirib. 

Artistin fikrincə, Rusiyanın teatr, kino və musiqi sahəsində özbaşınalıq tüğyan edir.

"Bənd dağılıb, təmizləyici qurğular isə işləmir. Elə nəhəng həcmdə çirkab axır ki, onun qarşısını kimsə almalıdır. Pis musiqi, bayağılıq, ucuz pyeslər, dram məntiqinin olmaması, klassiklərin əsərlərinin bərbad şəkildə interpretasiyası və bir çox başqa şeylər" - Boyarski deyib.

Artistin sözlərinə görə, çılpaq Karlsonun Freken Boka uçması dəhşətdir. O, indiyədək heç yerdə belə film görməsə də, artıq gördüyünü, çünki bunun bu gün bir tendensiyaya çevrildiyini deyib.

Boyarski də bir çox sovet sənətkarları kimi bu sahəyə peşəkarların nəzarət etməsinin vacib olduğunu dilə gətirib. Onun fikrincə, peşəkarlardan ibarət bədii şuraların rəyini almayan filmlər, teatrlar, musiqi əsərləri, ifalar, rollar və s. geniş tamaşaçı və dinləyici auditoriyası qarşısına çıxarılmamalıdır. Çünki onlar həm tamaşaçı zövqünü korlayır, həm də ölkənin sənətlə bağlı imicini zədələyir. O, bir sənətkar olaraq, ölkəsində sənətin bu qədər deqradasiyaya uğradığına göz yuma bilmədiyini etiraf edib.

Mixail Boyarski "Maşa və Vityanın Yeni İl macəraları", "D"Artyanyan və üç muşketyor", "Qardemarinlər, irəli", "İlf qəsrinin məhbusu", "Böyük Pyotr. Vəsiyyət", "İdiot", "Böyük oğul", "Saman içindəki it", "Kaputsinov bulvarından olan adam", "Taras Bulba" və digər filmlərdə çəkilib. 1968-1969-cu illərdə "Koçevniki" rok-qrupunda, 1990-cı illərdə isə "Silver" qrupunda mahnılar ifa edib.