SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan prezidenti vacib görüşlər keçirib

Dövlət başçısı rusiyalı naziri və CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixi qəbul edib
Sputnik

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovu qəbul edib.

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik edib

Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov Bakıda keçirilən XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün dəvətə görə minnətdarlığını bildirib.

O, bu tədbirə paralel olaraq Bakıda Regional Rabitə Birliyi çərçivəsində region ölkələrinin rabitə nazirlərinin görüşü barədə məlumat verib. Qonaq qeyd edib ki, bu görüş və “Bakutel” sərgisi beynəlxalq əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcək. Konstantin Noskov eyni zamanda Rusiyanın və Azərbaycanın müvafiq nazirlikləri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq artıq iki ölkənin poçt xidmətlərinin səmərəli qarşılıqlı fəaliyyət göstərdiklərini bildirib və bunun Çindən Azərbaycan vasitəsilə Rusiyaya böyük həcmdə elektron ticarət məhsulların göndərilməsi üçün imkan yaratdığını deyib. Eyni zamanda qonaq Azərbaycanla Rusiya mobil rabitə operatorları arasında əməkdaşlıqla bağlı danışıqların aparıldığını deyib.

Prezident İlham Əliyev Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovun Bakıda keçirilən XXIV “Bakutel” sərgisində iştirakından məmnunluğunu ifadə edib, eyni zamanda Regional Rabitə Birliyi çərçivəsində region ölkələrinin rabitə nazirlərinin toplantısının beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Bakıda ənənəvi olaraq keçirilən “Bakutel” tədbirinə beynəlxalq marağın və iştirakçı ölkələrin sayının artdığını qeyd edərək bu tədbirin telekommunikasiya və texnologiyalar sahəsində əldə olunan nailiyyətlərlə yaxından tanışlıq və təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını bildirib.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən rabitə və kütləvi kommunikasiyalar sahəsində uğurla inkişaf etdiyi bildirilib və Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirinin səfərinin əlaqələrimizin möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gələcəkdə qonşu ölkələrlə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

Dövlət başçısı CISCO şirkətinin uzun illər Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlıq həyata keçirməsindən məmnunluğunu bildirib.

Azərbaycan prezidenti vacib görüşlər keçirib

Prezident İlham Əliyev CISCO şirkətinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində həyata keçirdiyi layihələrə toxunaraq bu sahənin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Dövlət başçısı regional əməkdaşlıq üçün yeni infrastrukturun yaradıldığını nəzərə alaraq digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix Azərbaycan Prezidenti ilə əvvəlki görüşünü məmnunluqla xatırlayaraq şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib. Ölkəmizə səfərindən xoş hisslər keçirdiyini deyən qonaq səfərinin məqsədinin əməkdaşlığın perspektivlərini müzakirə etməkdən ibarət olduğunu deyib və bu əməkdaşlığın “Azərbaycan 2020: Gələcəyə Baxiş” İnkişaf Konsepsiyasına uyğun şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisinin əhəmiyyətinə toxunularaq bu tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirlməsi işinə töhfə verdiyi qeyd olunub.