HADİSƏ

Bakı və Şamaxıda faciə: Dəm qazı bir neçə nəfərin həyatına son qoydu

Bir ay ərzində 17 nəfər dəm qazından zəhərlənib
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Nizami rayonu, Keşlə qəsəbəsində dəm qazından uşaq dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Ölən uşaq 2005-ci il təvəllüdlü Fateh Mərdanovdur.

Beş nəfər dəm qazından zəhərləndi, biri uşaqdır

Toksik zəhərlənmə əlamətləri ilə onun valideynləri Murad və Məlahət Mərdanovlar da xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti sabit qiymətləndirilir.

Bununla yanaşı, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, qızdırıcıların mövsümü başlayandan bu yana Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə diaqnozu ilə 17 nəfər daxil olub.

Son bir həftədə bu diaqnozla toksikologiya şöbəsinə 8 nəfər gətirilib.

Maqsudov bildirib ki, onların hamısı vanna otağında quraşdırılmış qazla işləyən standartdankənar su qızdırıcısında əmələ gələn dəm qazından zəhərləniblər.

Qeyd etmək lazımdır ki, dəm qazından zəhərlənmə nəticəsində digər ölüm halı noyabrın 28-də Şamaxıda qeydə alınıb.

Dəm qazından 26 yaşlı Nafiz Feyzullayev və onun 21 yaşlı həyat yoldaşı Gülşən Ağayeva boğularaq ölüblər. Onların meyitlərini doğmaları aşkarlayıb. Çağırılan təcili yardım hadisə yerinə gedəndə, gənclər artıq keçiniblər.