BAKI, 3 dekabr - Sputnik. 1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon (Portuqaliya) sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur.
Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi.