BAKI, 29 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Axşam isə şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla yağması ehtimalı var. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək, gündüz mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə və gündüz 4-7 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
Bakıda və Abşeron yarımadasında noyabrın 30-u axşamdan dekabrın 02-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.