BAKI, 29 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova telefonla zəng edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib, onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Tahir Salahov telefon zənginə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına - 1-ci dərəcəli “Əmək” ordeninə layiq gördüyünə görə dərin minnətdarlığını bildirib.
Dövlət başçısı Tahir Salahova möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün Tahir Salahovun 90 yaşı tamam olur. Dünən Prezident İlham Əliyev T.Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalq rəssamına təbrik məktubu ünvanlayıblar.