CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik yanacaqdoldurma məntəqəsinin partlaması ilə bağlı açıqlama yaydı

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır
Sputnik

BAKI, 29 noyabr — Sputnik. Tərtər rayonunun Qaradağlı kəndində "PAT OİL" yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, nəticədə çənin üst hissəsi, üzərində quraşdırılan, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanıb. Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.