BAKI, 28 noyabr — Sputnik. Rusiyanın xalq artisti Sergey Bezrukov Azərbaycana gəlmək və Bakının Mərdəkan qəsəbəsini ziyarət etmək istəyir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bezrukov özü "Moskva-Bakı" saytına müsahibəsində deyib. O, qeyd edib ki, çoxdandır Bakıda olmur, lakin bu şəhəri çox sevir.
"Həmişə, imkan düşdükcə Mərdəkanı - Sergey Aleksandroviç Yeseninin vaxtilə "İran motivləri"ni yazdığı yeri ziyarət edirəm. Orada onu "Bakı fəhləsi" qəzetinin redaktorları qəbul edirdi. Mənim üçün o yer o qədər tanış və doğmadır ki! Orada indiyə qədər də Yesenin muzeyi var, səhv eləmirəmsə, Tolstoy küçəsində" - deyə Bezrukov bildirib.
Aktyor qeyd edib ki, Bakıya teatrla birlikdə gəlməyi çox istərdi. Çünki teatrın bakılılara göstərəcəyi nələrisə var. Bezrukov Bakıdan dəvət gözlədiyini də dilə gətirib.
Sergey Bezrukov Rusiyanın dram teatrı və kino aktyoru, teatr rejissoru, prodüser, ssenari müəllifi, RF Dövlət mükafatı laureatı, Moskva Qubernsk Dramatik Teatrının bədii rəhbəri, "Xaç atası" rok-qrupunun qurucusu və solistidir.