Poroşenko: "Rusiya ilə geniş miqyaslı müharibə ola bilər"

Ukraynanın 10 regionunda hərbi vəziyyət elan olunub.
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko yerli telekanallara müsahibəsində bildirib ki, Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsi var. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Onun sözlərinə görə, bunu kəşfiyyat məlumatları da təsdiqləyir. Poroşenko iddia edib ki, Ukrayna ilə sərhəddə tanklar da daxil olmaqla, Rusiya hərbi texnikası cəmlənib. "Mən istəyirəm ki, heç kim bunun oyuncaq olduğunu düşünməsin. Ölkə Rusiya ilə geniş miqyaslı müharibə təhlükəsi altındadır", - deyə Poroşenko qeyd edib.

Poroşenko jurnalisti hədələdi: "Çıxarsan, sənə deyərəm" - VİDEO

Poroşenko qeyd edib ki, məhz bu səbəbdən Ukraynanın 10 regionunda hərbi vəziyyət elan olunub.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət 26 noyabr Bakı vaxt ilə saat 16:00-da tətbiq olunub və bu 30 gün, yəni 26 dekabr saat 16:00-a qədər davam etməlidir.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.