Gürcüstanda prezident seçkiləri keçirilir

Ümumilikdə seçicilərin sayı 3 528 658 nəfər təşkil edir
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.

Sputnik Azərbaycan "Gazeta.ru"-ya istinadən xəbər verir ki, səhər saat 08:00-da 3 703 seçki məntəqəsində səsvermə prosesi başlayıb.

Ümumilikdə seçicilərin sayı 3 528 658 nəfər təşkil edir.

Seçkilərdə iki namizəd – hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır. Oktyabrın 28-də keçirilən prezident seçkilərinin ilk turunda Zurabişvili 38,64%, Vaşadze isə 37,74% səs toplayıb.

Qeyd edək ki, keçirilən seçkilər Gürcüstan prezidentinin birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilərdir. Yeni prezident 6 il müddətinə seçiləcək.