HADİSƏ

Sumqayıtdakı "intihar binası"nda növbəti faciə

Sumqayıtda daha bir gənc özünü 14 mərtəbəli binadan atıb
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-dən 28-nə keçən gecə Sumqayıtda gənc oğlanın cəsədi tapılıb. İstintaqın versiyalarından birinə görə, gənc intihar edib. Bu barədə Sputnik Azərbaycan-a şəhərin hüquq-mühafizə orqanlarından məlumat verilib.

Sevdiyi qızı nişanladılar, intihar etdi

Ehtimala görə, yerli sakin, 1996-cı il təvəllüdlü Səfərli Əli Süleyman oğlu Sumqayıtın 45-ci kvartalının ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindən özünü atıb. Hadisə yerinə gələn istintaq-əməliyyat qrupu müəyyən edib ki, Səfərli həmin binada yaşamayıb. Hadisənin başvermə səbəbi məlum deyil. Hələlik ancaq o bilinir ki, cavan oğlan ordudan tərxis edilib və uzun müddətdir heç yerdə işləmir.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. Prokurorluq intiharın başvermə şəraitini araşdırır.

Xatırladaq ki, bu il mayın 14-də sözügedən yaşayış binasının damından bir abituriyent də özünü aşağı atmışdı. Abituriyentin əlində coğrafiya və digər fənlərin testi olub. Araşdırma göstərib ki, gənc həmin binada yaşamırmış.