İQTİSADİYYAT

Nazir: “Yüz minlərlə insanın pensiya və sosial müdafiə hüquqları bərpa ediləcək"

“Əhalinin pul gəlirlərinin cəmi 25 faizi əmək ödənişlərini təşkil etdiyi halda, qonşu ölkələrdə bu göstərici 40-65 faizə qədərdir”
Sputnik

BAKI, 27 noyabr - Sputnik. "Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə məsələni əhatə edir. Vergi yükünün artırılması yolu ilə deyil, kölgədə fəaliyyət göstərənlərin vergitutmaya cəlb edilmə yolu ilə, vergitutma bazasının genişləndirilməsinin həyata keçirilməsini nəzərdə tutur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən deyib.

Xidməti müqavilə ilə işləyənlərə sarsıdıcı zərbə

Nazir deyib: "Məlum olduğu kimi, qeyri-rəsmi əmək haqqı və qeyri-iş yerləri nəticəsində kölgə iqtisadiyyatında çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və əmək haqqı rəsmi müqavilədə göstərilmədikdə sosial sığorta haqları toplanılmır və ödənişlər fərdi pensiya hesabında əks olunmur. Bu da öz növbəsində işçilərin layiqli pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan təklif olunan islahatla 100 minlərlə insanın pensiya və sosial müdafiə hüquqlarının bərpa edilməsi nəzərdə tutulur".

Onun sözlərinə görə, bəzi statistik rəqəmlərə nəzərə saldıqda görərik ki, əhalinin pul gəlirlərinin cəmi 25 faizi əmək ödənişlərini təşkil etdiyi halda, qonşu ölkələrdə bu göstərici 40-65 faizə qədərdir: "Ona görə də biz xüsusi olaraq vurğulayırıq ki, bu əmək haqları var sadəcə olaraq kölgədədir. Biz bu tədbirlərlə onların kölgədən çıxarılmasını təmin etmək istəyirik".