QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ekspert: “Rusiya və Türkiyənin Qarabağ problemini birgə həll etməsini gözləmək çətindir”

Unutmaq olmaz ki, Türkiyə və Rusiya regionda dərin rəqabət keçmişinə malik ölkələrdir
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Türkiyə prezidentinin mətbuat müşaviri İbrahim Kalın Ankarada Yıldırım Bəyazıd Universitetində çıxışı zamanı Qarabağ mövzusuna toxunub. Kalın, Türkiyə ilə Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı vurğulayıb ki, ölkəsi Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya ilə birgə iş aparır: 

Fransadan cavab gəldi: Separatçı “Dağlıq Qarabağ Respublikasını” tanımırıq
"Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi və Qafqazda yeni bir sülh şəraitinin təmin olunması üçün bir sıra təşəbbüslərimiz oldu. Burada rusiyalı həmkarlarımızla yaxın təmaslarımız, sıx əməkdaşlığımız oldu. Amma yenə kimlərsə araya girdi və bu proses müvəffəqiyyətsizliyə uğradı".

Sputnik Azərbaycan məsələ ilə bağlı Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu ilə həmsöhbət olub.

Öztarsu Türkiyə və Rusiyanın Qarabağ münaqişəsinin nizamlanması üzrə yaxın çalışmalarının kimlər tərəfindən pozulmasına dair hər hansı bir fikir söyləyə bilməyəcəyini bildirib: "Çünki belə bir açıqlamanın nədən, özü də niyə indi edildiyini bilmədim. Əgər ortada başqa bir güclər varsa, onların adları açıqlanmalıdır".

Türkiyəli ekspert qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin problem olaraq qalması münaqişədən səmərə əldə edən hər bir aktorun marağındadır: “Tərəflərə silah satılmasına baxmaq lazımdır. Bölgədə artan silahlanma yarışı sülhü təhdid edən ən böyük ünsürdür. Bunun yumşaldılması üçün təkcə siyasi çağırışlar yetməz. Lakin çox təəssüflər olsun ki, böyük dövlətlər başda olmaqla bütün aktorlar sadəcə bu növ çağırışlar etməklə kifayətlənir və başqa bir şey təklif etmirlər”.

Gələcəkdə Türkiyə və Rusiyanın Qarabağ münaqişəsinin nizamlanması üzərində yenidən birgə iş aparması ehtimalına münasibət bildirən Öztarsu qeyd edib ki, Türkiyə və Rusiya bir-birinin maraqlarının toqquşmadığı məsələlərlə bağlı ortaq qərarlar qəbul edə bilərlər: “Bu məsələdə Rusiya və Türkiyəni eyni səviyyədə dəyərləndirə bilmərik. Türkiyənin bu münaqişənin həlli məsələsində Rusiya qədər söz sahibi olmadığını bilirik. Lakin hər hansı bir nizamlanma prosesi başladılarsa Türkiyə də lazımı addımı atacaq. Lakin belə bir prosesi qısa müddətdə başlatmaq mümkün deyil. Unutmaq olmaz ki, Türkiyə və Rusiya regionda dərin rəqabət keçmişinə malik ölkələrdir. Dolayısı yolla, bu iki ölkənin Qarabağ kimi çox kritik bir məsələni ortaq şəkildə həll etməsini gözləmək çox çətindir”.

Türkiyəli ekspert qeyd edib ki, Dağlıq Qarabağ probleminin həll üçün uzunmüddətli planlara ehtiyac var: "Öncə Azərbaycan və Ermənistan həm öz aralarında, həm də sülh danışıqlarına vasitəçilik edən ölkələrin nəzdində bir araya gələrək durumu tam şəkildə ələ almalıdır. Buna əlavə olaraq bölgədə iqtisadi irəliləyişi əldə etmək üçün bu münaqişənin yumşalması lazımdır. Bu gün Şimali Koreya və Cənubi Koreya belə sülhün əldə olunması istiqamətində sağlam addımlar ata bilirlər. Eyni durumun Qafqaz regionunda təkrarlanması xəyal deyil”.