CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi xidmətə çağırışla bağlı sərəncam verildi

Azərbaycan Respublikası vətəndaşları 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.