Poroşenko Ukraynada hərbi vəziyyət elan etdi

Prezidentin sərəncamı hələ Ali Radada təsdiq prosedurandan keçməlidir
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə 25 yanvar 2019-cu ilə qədər hərbi vəziyyətin tətbiq olunmasına dair sərəncam imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq sənəd ölkə başçısının rəsmi saytında yerləşdirilib.

Poroşenkonun sərəncamı hələ Ali Radada təsdiq prosedurandan keçməlidir.

Ukrayna parlamentinin məsələ ilə bağlı növbədənkənar iclası Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Bu arada, Ukrayna ordusu və Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ukrayna Rusiya ilə kəskin qarşıdurma astanasında – Ordu hazırlıq vəziyyətinə gətirildi

Kerç boğazında Rusiya və Ukrayna arasında baş verən insidentlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası da keçiriləcək. Bunu öz "Twitter" səhifəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyli bildirib.

BMT Təhlükəsizlik Şurasının iclası Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Qeyd edək ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.