CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balaca rəssam Günayın arzuları reallaşır

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsindən gənc rəssam Günay Məmmədlinin ailəsi ilə əlaqə saxlayıblar
Sputnik

Nigar Məhərrəm, Musa Muradlı, Sputnik Azərbaycan.

BAKI, 21 noyabr — Sputnik. Bir neçə gün öncə Bərdədə yaşayan anadangəlmə fiziki qüsurlu olan 23 yaşlı Günay Məmmədli haqqında reportaj yayımlamışdıq. Günayın atası İsmayıl Məmmədli Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışarkən qeyd etmişdi ki, qızının ən böyük arzusu fərdi rəsm sərgisinin təşkil olunmasıdır. Ata iddia edirdi ki, onlar Günayın bu arzusunu reallaşdırmaq üçün Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadan kömək istəyiblər. Komitə sərdi isə ailəyə vədlər versə də, sonradan heç birinə əməl etməyib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova qeyd etdi ki, G.Məmmədli ilə bağlı komitəyə 2 müraciət daxil olub: "Müraciətlərin biri 6 mart 2017-ci il, digəri isə 13 sentyabr 2017-ci ildə edilib. Orada Günayın Ağdam Dövlət Sosial İqtisadi kollecində təhsil aldığı, sərgiylə bağlı köməyə ehtiyacı olduğu və istədiyi eşitmə aparatının adı qeyd edilmişdi. Müraciətləri nəzərə alaraq, Günay Məmmədlini yaxından tanımaq üçün onu Uşaq Problemləri üzrə şöbəyə dəvət etdik. Bu zaman onun uşaq yox, gənc olduğunu öyrəndik". 

Astaralı rəssam “Quran”ın hər surəsinə aid tablo çəkməyi öhdəsinə götürüb

"Buna baxmayaraq, müraciətini nəzərə alaraq Günayı "Kinder Səs"in qulaq aparatı ilə təmin etməyi təklif etdik. Çünki komitə tərəfindən bəzi uşaqlara belə aparatlar verilir. Almaniya istehsalı olan bu rəqəmsal aparatların qiyməti min manatdan yuxarıdır. Lakin qızın anası aparatı almaqdan imtina etdi. Halbuki, həmin cihazı əldə edənlər çox sevinirlər. Bu aparatın zəmanəti də var, problem yarandıqda həmin şirkətə müraciət edərək, yaranmış problemləri pulsuz aradan qaldırmaq mümkündür" – deyə C.Bağırova əlavə etdi.

Şöbə müdirinin iddiasına görə, Günayın valideyni onlardan aparatın qarşılığında pul tələb edib: "Anası "Kinder Səs"in onlara sərf etmədiyini, bahalı aparat istədiklərini dedi. Sonra bu aparatın əvəzinə onlara pul verməyimizi təklif etdi. Günayı aparatla təmin etmək üçün əlimizdən gələn köməkliyi göstərdik. Bunun üçün rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən bizə verilən məlumatda bəlli oldu ki, Günay üçün "Asikon" aparatı təklif edilsə də, ailəsi bundan da imtina edib".

C.Bağırova Günayın sərgisinin təşkil edilməsi məsələsinə də münasibət bildirdi: "Biz Mədəniyyət Nazirliyi olmasaq da, hər zaman xüsusi qayğıya ehtiyacı olan uşaqların, qaçqın və məcburi köçkün uşaqlarına dəstək oluruq. Müəyyən tədbirlər çərçivəsində onların sərgilərini təşkil edirik. Sərgi ilə bağlı müvafiq qurumlara şifahi müraciət edəcəyimizi onlara da dedik. Hicran xanım da, yəqin ki, onlara vəd verərkən uşaqlar üçün olan tədbirləri nəzərdə tutub". 

Muğam Mərkəzində Sputnik-in haqqında yazdığı fiziki qüsurlu qızın sərgisi keçiriləcək

Sputnik Azərbaycan-ın sorğusundan dərhal sonra Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsindən gənc rəssam Günay Məmmədlinin ailəsi ilə əlaqə saxlayıblar. Günayın atasının bölgə müxbirimizə dediyinə görə Komitədən onlara bildirilib ki, noyabrın 29-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində gənc rəssamın sərgisi təşkil ediləcək. Sərgidə Günay Məmmədlinin 25 ən yaxşı əsəri nümayiş olunacaq.

Bununla yanaşı, Sputnik Azərbaycan-da yayımlanan reportajdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın üzvü Zaur Quliyev də Günaya baş çəkib. İstedadlı rəssamın əsərləri ilə tanış olub, qayğıları, problemləri ilə maraqlanıb.

Ailəsinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Z.Quliyev Günayın eşitmə cihazı ilə təmin olunması üçün bacardığı qədər yardım göstərəcəyini bildirib. Həmçinin söz verib ki, gənc rəssamın ƏƏSMN-nın əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində iştirakına dəstək olacaq.