CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş ekspert: "Sahibsiz itləri öldürmək olmaz"

Quduzluq xəstəliyinə yoluxmuş itlərə daha çox Zaqatala, Qax, Oğuz və Şəkidə rast gəlinir
Sputnik

BAKI, 23 noyabr - Sputnik. Dövlət Baytarlıq Xidmətinin baytar həkimləri tərəfindən əsasən sahibi olan itlər peyvəndlənir. Peyvənd olunan heyvan bir il ərzində quduzluq xəstəliyinə tutulmur. Sahibsiz itlərə gəldikdə isə, qeyd etmək istəyirəm ki, Azərbaycan Avropa Konvensiyasına qoşulub və bu heyvanları öldürmək olmaz. Bu problem aidiyyəti yerli qurumlarla birgə sistemli və ardıcıl şəkildə həll edilə bilər.

Bunu AZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Epizooloji tədbirlərin planlaşdırılması və monitorinqi sektorunun baş məsləhətçisi Nigar Səfi deyib.

Baş məsləhətçi bildirib ki, Dövlət Baytarlıq Xidməti tərəfindən keçirilən tender vasitəsilə dövlət büdcəsi hesabına xaricdən keyfiyyətli vaksin alınır. Statistikaya görə, ölkədə sahibi olan 255 min it var. Xidmət əməkdaşları onları ilboyu peyvənd edirlər. Təkcə ötən il 250 minə yaxın heyvan peyvəndlənib. Bu peyvəndləmə həm itlərdə, həm də iri və xırdabuynuzlu heyvanlarda yaxşı səmərə verir. 

Qaxda it qoca kişiyə hücum edərək onu xəstəxanalıq etdi

Bu ilin 10 ayında Abşeron rayonu ərazisində Dövlət Baytarlıq Xidməti tərəfindən 1900 sahibsiz itin vaksinasiya edildiyini diqqətə çatdıran Nigar Səfi deyib ki, Xidmət Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi ilə əməkdaşlıq əlaqələri qurub. İctimai Birlik sahibsiz itləri toplamaqla bərabər, onları müalicə və peyvənd də edir. Paytaxtın Binəqədi rayonunda və Bakı-Şamaxı yolunun kənarında heyvanların xilasetmə mərkəzi fəaliyyət göstərir. Burada təqribən 200 it və pişik saxlanılır. Onların saxlanılması, peyvəndlənməsi və müalicəsi heç də ucuz başa gəlmir.

Baş məsləhətçinin sözlərinə görə, quduzluq xəstəliyinə yoluxmuş itlərə daha çox şimal-qərb rayonlarında - Zaqatala, Qax, Oğuz və Şəkinin meşə və dağlıq ərazilərində rast gəlinir. Bu, ilk növbədə, həmin ərazilərdə vəhşi heyvanların çox olması ilə əlaqədardır. Quduz itlərlə bağlı problem əhalisinin sayı çox olan Abşeron rayonunda da ciddi xarakter alıb.

Həmsöhbətimiz qeyd edib ki, əhalinin sahibsiz küçə itləri ilə bağlı maarifləndirilməsinə ehtiyac var. İnsanlar, xüsusən də uşaqlar küçə itlərini incitməməli, onlardan mümkün qədər uzaq durmalıdırlar. Ötən il 70-dək, bu il isə 50-yə yaxın quduzluq hadisəsinin qeydə alındığını bildirən Nigar Səfi deyib: “Quduzluqla bağlı ölkəmizə xaricdən kifayət qədər peyvənd vaksini gətirilir. Əməkdaşlarımız tez-tez bölgələrə səfərlər edərək treninq və seminarlar keçirir, əhalini maarifləndirmək istiqamətində iş aparırlar. Bu il bir neçə rayonda müxtəlif peşə sahibləri ilə maarifləndirmə işləri aparıb, bukletlər paylamışıq. Növbəti tədbirləri məktəblərdə keçirməyi nəzərdə tuturuq. Qarşımıza çıxan hər itə, pişiyə şübhə ilə yanaşmamalıyıq. Bilməliyik ki, heyvanlar virus əmələgətirən mənbə deyil, sadəcə virus daşıyıcısıdır, onlar da xəstəlikdən əziyyət çəkir. Heyvanlar təbiətin üzvüdür və ekosistemdə öz yerlərini yalnız sağlam şəkildə tutmalıdırlar”.