Moskva azərbaycanlı və erməni girovların dəyişdirilməsini rəsmən dəstəklədi

Zaxarova: "Tərəflərin razılığa gələcəkləri halda, belə görüşün keçirilməsini alqışlayırıq"
Sputnik

BAKI, 22 noyabr — Sputnik. "Rusiya Ermənistanla əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü təqdir edir, lakin bunun reallaşması üçün müəyyən işlər görülməlidir".

Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı məsələsi ATƏT PA-da qaldırılacaq

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olan bütün anlaşmaları dəstəkləyir. Təşəbbüs çox gözəldir, amma onun razılaşmaya çevrilməsi üçün üzərində işləmək lazımdır" - deyə Zaxarova qeyd edib.

Rusiya XİN-in rəsmisi Azərbaycan və Rusiya xarici işlər nazirlərinin mümkün görüşü məsələsinə də toxunub: "Tərəflərin razılığa gələcəkləri halda, belə görüşün keçirilməsini alqışlayırıq. Amma görüşün keçirilib-keçirilməməsinə dair qərarı hər bir suveren dövlət özü verir. Görüş keçirilərsə və bu, konstruktiv məcrada olacaqsa, bunu yalnız alqışlamaq olar".

Qeyd edək ki, bu ayın əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 25 il ərzində görülən işlərlə bağlı hesabat iclasında bildirmişdi ki, hazırda işğal altında olan Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev, Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirlər davam etdirilir.

"Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, keçirdiyi müvafiq görüş və müzakirələrdə dövlətimizin başçısı bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır"  - deyə DTX sədri vurğulamışdı.

Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.