Vətəndaşlara 22-25 noyabr xəbərdarlığı

Qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir
Sputnik

BAKI, 22 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gədəbəy "ağ örpəyə" bürünüb

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə: Noyabrın 23-ü axşamdan 24-ü gündüzədək Abşeron yarımadasında qısa müddətə astmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq da edir: Bakıda və Abşeron yarımadasında noyabrın 22-23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.