CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç yüzdən artıq vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub

Bu günədək artıq 447 şəhidin 585 vərəsəsi ilə bağlı müvafiq qərarlar qəbul edilib
Sputnik

BAKI, 22 noyabr — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik müavinətin verilməsinə dair qərar qəbul edilib. Sputnik Azərbyacan-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbərinə görə, şəhid hərbi qulluqçulardan 223-ü üzrə 304 vərəsəyə də birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fərmanının icrası işlərinin davam etdiyini, notarial qaydada qəbul edilən sənədlərin nazirlikdəki işçi qrupu tərəfindən təhlil edilərək Komissiyaya təqdim olunduğunu deyib.

Nazir qəbul edilmiş qərarlar üzrə vərəsələrə birdəfəlik ödəniş prosesinin davam etdiyini deyib. S.Babayev ödənişi alan şəxslə ödənişi həyata keçriən qurum arasında heç bir təmasın baş vermədiyini, müvafiq vəsaitin vərəsələrin bank hesablarına köçürüldüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, Komissiya bu günədək 447 şəhidin 585 vərəsəsinə ödəmənin verilməsi barədə qərarlar qəbul edib. Onlara müvafiq vəsaitin ödənişi həyata keçirilir. Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.