CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabran sakinləri qorxu altındadır, təhlükə onları addım-addım izləyir

Rayon rəsmisi: "Söz veririk ki, yaxın günlərdə problem öz həllini tapacaq"
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Paytaxtda olduğu kimi, regionlarımızda da insanlar küçə itlərinin əlindən təngə gəliblər. Günü-gündən prospektlərdə, küçələrdə, məhlələrdə sahibsiz itlərin sayı artmaqdadır. Ən qorxulusu isə bu itlərin sürü halında gəzməsidir.

Bir qrup Şabran rayon sakini elə bu problemlə bağlı Sputnik Azərbaycan-ın bölgə müxbirinə müraciət edib. Sakinlər iddia edirlər ki, rayonun mərkəzi küçələrinin birində yerləşən "Cücələrim" körpələr evinin qarşısında, həmçinin yaxınlıqdakı parkda günün 24 saatı sahibsiz itlər dolaşır.

Şabran sakinləri qorxu altındadır, təhlükə onları addım-addım izləyir

Müraciət edənlərdən biri - sözügedən bağçaya nəvəsini aparan Ramiz Əliyev öz narahatçılığını belə dilə gətirib: "Hər səhər bağçada sahibsiz itlərlə qarşılaşırıq, sayları 10-a çatır. Evimiz bağçaya yaxın olduğundan, əvəllər bağçadan nəvəmi götürməyə böyük nəvəmi göndərirdim. Son 10 gün ərzində düz iki dəfə həmin itlər uşaqları qorxudub. İndi uşaq qorxusundan bağçaya getmək istəmirlər".

Şabran sakinləri qorxu altındadır, təhlükə onları addım-addım izləyir

"Bu vəziyyətdə olan tək biz deyilik, hamı belədir. Maşını olanlar uşağını maşınla aparır, bizim kimi maşınsız olanlar isə çarəsiz qalıb. Bilmirik neyləyək, uşağımız bağçaya getməsin? Aidiyyatı orqanlardan xahiş edirik ki, bu məsələ ilə məşğul olsunlar" – deyə şikayətçi əlavə edib.

Rayon sakini Samirə Yusifova da küçə itlərindən zara gəldiyini bildirib: "İt məsələsi bizim yaralı yerimizdir. Təkcə uşaq bağçasına gətirilən uşaqların yox, eləcə də parka gələn uşaqların həyatı təhlükədədir. Demək olar, itlərə görə uşaqları parka gətirə bilmirik, uşaqlarımız burada əylənə bilmirlər. Sahibsiz itlər təhlükədən başqa, həm də başdan-ayağa xəstəlik yayır. Orada iydən dayanmaq olmur, itlərin tükləri tökülür və həmin ərazidə uşaqlar oynayır. Parkın içi, demək olar ki, antisanitar vəziyyətdədir".

Şabran sakinləri qorxu altındadır, təhlükə onları addım-addım izləyir

Bağçanın tərbiyəçi-texniki heyəti də yayda itlərin əlindən uşaqları həyətə buraxa bilmədiklərini vurğulayıb.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətinin Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Ağayevlə əlaqə saxlayıb. Ərazi nümayəndəsi tezliklə bu məsələnin həll olunacağını bildirib.

"Bizə o itləri vurdurmağa icazə verilmir. Ancaq itləri yığıb həmin ərazidən uzaqlaşdıra, başqa yerlərə apara bilərik. Söz veririk ki, yaxın günlərdə problem öz həllini tapacaq" – deyə İ.Ağayev vurğulayıb.

Biz də ümid edirik ki, rayon rəsmisinin dediyi kimi, problem tezliklə həll olunacaq. Şabran sakinləri sahibsiz küçə itlərindən canını qurtara biləcəklər.