MƏDƏNİYYƏT

Azərbaycan musiqi sənətinin unudulmaz nümayəndəsi

Simfonik muğam janrının banisi Fikrət Əmirov 96 il əvvəl anadan olub
Sputnik

BAKI, 22 noyabr - Sputnik. Görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, professor, SSRİ Xalq Artisti Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub.
1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirib. Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib.

Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır.

F.Əmirov simfonik muğam janrının banisidir (“Şur”, “Kürd Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” və s.).