Bakıda ordu rəhbərlərinin mühüm toplantısı keçirilir

Zakir Həsənov: "Əsas məqsəd bölgədə sabitliyin və sülhün bərqərar olması, 3 dost qonşu dövlətlərin həyata keçirdiyi strateji- iqtisadi layihələrin təhlüləsizliyinin təmin edilməsi, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsidir"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə üçtərəfli formatda görüş keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılır.

Zakir Həsənov görüşdə bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan ordu rəhbərlərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir: "Bu toplantı 3-cü dəfədir keçirilir. Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olması, 3 dost qonşu dövlətlərin həyata keçirdiyi strateji-iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsidir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək".

Vladimer Çaçibaia Bakıda keçirilən üçtərəfli görüşü mühüm toplantı kimi qiymətləndirib: "Bizim əlaqələrimizin böyük tarixi var. Biz regionda strateji tərəfdaşlarıq. Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız da çox mühümdür. Regionda həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin edilməsi üçün bu əməkdaşlıq uğurla davam edir. Bu, olduqca əhəmiyyətli görüşdür".

Öz növbəsində Yaşar Güler 3 ölkənin əməkdaşlığının əhəmiyyətini vurğulayıb: "Qardaş Azərbaycanda olmaqdan olduqca məmnunam. Bu gün 3 dost və qardaş ölkənin silahlı qüvvələrinin komandanlığı olaraq böyük toplantı keçirmək üçün bir araya gəlmişik. Bu, bizim 3-cü toplantımızdır".

Ordu generalı bildirib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirərək, bölgədəki vəziyyəti müzakirə edəcəklər: "Hərbi əlaqələrimiz mükəmməl şəkildə genişlənir. Strateji səviyyəyə çatmış hərbi əlaqələrimizi daha da artırmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu gün keçirilən görüşdə çox vacib nəticələr əldə edəcəyik".