MƏDƏNİYYƏT

"Bakı prosesi" ABŞ-da təqdim olundu

"Bakı prosesi"nin 10 illik yubileyinə həsr olunan film nümayiş olunub
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Nyu-Yorkda baş tutan BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında "Bakı prosesi"nin təqdimatı keçirilib. Sputnik Azərbaycan-a BMT-nin Bakı ofisindən verilən məlumata görə, Nazirlər Konfransında BMT-nin baş katibi iştirak edib. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi və üzv ölkələrdən yüksək səviyyəli rəsmiləri də tədbirdə çıxış edib.

Bakı prosesi Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülən hərəkatdır.

Konfransda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın dünya miqyasında mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi töhfələr, həyata keçirdiyi layihələrə toxunub. Nazir ölkə başçısı tərəfindən 2008-ci ildə "Bakı prosesi"nin, 2010-cu ildə isə BMT-nin Baş Assambleyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun irəli sürüldüyünü bildirib. O qeyd edib ki, bu gün "Bakı prosesi" BMT-nin dörd ixtisaslaşmış beynəlxalq təşkilatının tərəfdaşlıq etdiyi yeganə platformadır.

Daha sonra "Bakı prosesi"nin 10 illik yubileyinə həsr olunan film nümayiş etdirilib.