BAKI, 21 noyabr — Sputnik. "Rusiya Milli Baletinin" rəhbəri Sergey Radçenko iddia edir ki, ötən gün "Şeremetyevo" hava limanında təyyarə tərəfindən vurularaq həlak olan, İspaniyadan deportasiya edilən Ermənistan vətəndaşı daha əvvəl Madriddən Moskvaya gələn təyyarədə ona hücum edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edək ki, ötən gün Moskva – Afina reysi ilə hərəkət edən "Boeing 737" sərnişin təyyarəsi havaya qalxdıqdan sonra uçuş-eniş zolağında bir kişi meyiti aşkarlanıb. Məlumata əsasən, ölən şəxs İspaniyadan Ermənistana deportasiya edilən 25 yaşlı Albert Yepremyandır. Deportasiya edilən Yepremyan Moskva-Yerevan təyyarəsinə oturdulub və oradan düşərək qaçmağa cəhd edib. Qaçarkən isə qəzaya uğrayıb. "Rosaviasiya"nın rəhbəri Aleksandr Neradko bəyan edib ki, təyyarə "Aeroflot"-a məxsusdur. Faktla bağlı cinayət işi başladılıb.
Baletmeyster bildirib ki, deportasiya edilən Ermənistan vətəndaşı onunla bir reysdə olub və ona hücum edib: "Mənə ciddi zərər dəyməyib. Lakin təyyarədə mənim başıma xoşagəlməz hal gəlib. Mən Madriddən Moskvaya gəlirdim, 9-cu sırada oturmuşdum. Mənim qarşımda isə əsəbi olan gənc erməni əyləşmişdi. Bir müddət sonra o arxaya keçdi və orada qalmaqal yaşandı. Məlum oldu ki, o kiminsə üz nahiyəsindən vurub. Bələdçi onu sakitləşdirdi və yerinə qaytardı. Onun mənə diqqətlə baxdığını gördüm və daha sonra çənə nahiyəmdə zərbə hiss etdim. Mən soruşdum: Nə üçün? O dedi: Çatarıq görərsən. Təbii ki, mən heç nə anlamadım".
Radçenkonun sözlərinə görə, daha sonra Yepremyanı sakitləşdirdilər və iki saat yarım ərzində yerində oturub.
Baletmeyster bildirib ki, daha sonra onun deportasiya edildiyi məlum olub: "Onu Yerevan təyyarəsinə göndəriblər. O isə oradan qaçıb. Bu insident barədə bunları deyə bilərəm".