HADİSƏ

Gəncədə baş verən güclü partlayışla bağlı rəsmi açıqlama yayıldı

Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər
Sputnik

BAKI, 20 noyabr - Sputnik. Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri aparılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun cəsədi tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər.

Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.

Əlavə məlumat veriləcək.