BAKI, 20 noyabr - Sputnik. Xəbər verdiyimiz kimi, Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, prosesə hakim Kəramət Əliyev sədrlik edib.
İclas prosesində zərərçəkmiş Hadıyev Nazim Teymur oğlu çıxış edərək bunları bildirib: "Hazırda sahibi olduğum müəssisə sovet dövründə Qazax rayonunda mərkəzi bazar kimi fəaliyyət göstərib. Hazırda orada 44 obyek var və hər gün səhər saat 05.00-dan 18.00-a qədər fəaliyyət göstərir. Mərkəzi küçədə olan bazarda 250 nəfərə yaxın satışla məşğuldur ki, oraya gündəlik 1000 nəfərdən çox alıcı gəlir. Əgər orda terror aktı törədilsəydi, xeyli sayda təlafat olardı və və xeyli miqdarda maddi ziyan da dəyərdi. Ona görə xahiş edirəm, bu teroristə lazımı cəza verilsin".
N.Hadiyev dindirilmə zamanı onu da qeyd edib ki, həmin bazara sovetlər dövründə ermənilər çox gəlirdi deyə, Karen Armeni Kazaryanın oranı yaxşı tanıması mümkündür.
Dindirilən Karen Armeni Kazaryan isə zərər çəkmiş şəxsi şəxsən tanımadığını deyib. Dindirilmə başa çatdıqdan sonra hakimin qərarı ilə növbəti məhkəmə prosesi 27 noyabr tarixinə təyin edilib.
Qeyd edək ki, erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi: Həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 ilə təqsirli bilinir.