SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN Saakyanla bağlı ABŞ-a da etiraz etdi

"Qondarma rejimin təşviqinə yönələn bu qəbildən olan addımlar ABŞ-ın Azərbaycanla münasibətlərdə səmimiliyi barəsində suallar yaradır"
Sputnik

BAKI, 17 noyabr — Sputnik. ABŞ-ın Minsk qrupunun üzvü kimi separatçı Dağlıq Qarabağ rejimi nümayəndələrinə viza verməsi ciddi suallar doğurur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) özünü separatçı rejimin "rəhbəri" kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri ilə bağlı bəyanatında deyilir.

Bildirilir ki, kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına səyahəti barədə məlumat verilir.

Azərbaycan Fransaya nota verib

"Qondarma rejimin nümayəndəsinin ABŞ ərazisinə daxil olması və qondarma qurumun ABŞ ərazisində təşviqinə icazə verilməsi bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri, eləcə də ABŞ-ın separatçı qondarma rejimin tanınmaması ilə bağlı dəfələrlə bəyan etdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Bu addım, həmçinin münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir", - deyə bəyanatda qeyd olunur.

XİN-in bəyanatına görə, separatçı rejimin nümayəndələrinə ABŞ tərəfindən viza verilməsi ABŞ-ın viza prosedurları barədə ciddi suallar doğurur. Qəribədir ki, ABŞ tərəfindən viza verilməsinin liberallaşdırılması yanaşması keçmiş Sovet İttifaqı məkanındakı digər qanunsuz qurumlara münasibətdə yox, yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “rəhbərlərinə” münasibətdə tətbiq edilir.

"Azərbaycan ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsində əli olan, müharibə cinayətkarı olan bu kimi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq olunmalıdır.

Qondarma rejimin təşviqinə yönələn bu qəbildən olan addımlar ABŞ-ın Azərbaycanla münasibətlərdə səmimiliyi barəsində suallar yaradır.

Diplomatik kanallarla Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaqdır", - deyə bəyanatda bildirilir.