CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa şirkətləri işçilərinə heyvan kimi çip taxırlar

Əmək müdafiəçiləri işçilərə çiplərin taxılmasının onların hüquqlarına zidd olduğunu söyləyir
Sputnik

BAKI, 17 noyabr — Sputnik. Son zamanlar İngiltərədə bir sıra aparıcı şirkətlərin işçilərin bədəninə xüsusi çip daxil etməsi etirazlara səbəb olub.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, dərialtı, barmaq arasına yerləşdirilən çiplərin geniş yayılması artıq əmək müdafiəçilərini təşvişə salıb. Bu çiplərin işçi hüquq və haqlarına zidd olduğunu açıqlayan əmək müdafiəçiləri "vəziyyət düşündüyümüzdən də gərgindir" deyərək etirazlarını bildiriblər.

İngiltərənin aparıcı çip istehsalçısı olan "BioTeq" isə rəsmi açıqlamasında İngiltərədə hazırda 150 işçinin çip taxdığını bəyan edib. "Biohax" adlı digər şirkət isə rəsmi məlumatında bu çiplərdən daha çox istifadə edən ölkənin İsveç olduğunu açıqlayıb. Burada 4 min işçiyə çip taxılıb.

Xatırladaq ki, ilk dəfə bu təcrübədən ABŞ-ın "Three Square Market" adlı şirkəti istifadə edib. Onlar könüllülük əsasında işçilərə çip taxmağa qərar veriblər.

Qeyd edək ki, qiyməti 90-335 dollar arasında dəyişilən bu çiplərlə iş yerinin qapısını açmaq, şirkət avtomobilini idarə etmək və bu kimi digər işləri görmək mümkündür. Bundan əlavə, şirkətin həmin çip vasitəsilə işçisini izlədiyi də istisna edilmir.

Bu çiplər ev heyvanlarına taxılan çiplərə bənzəyir və düyü dənəsi boydadır.