CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı dolub, Bakı daşır

Paytaxtı və paytaxt sakinlərini dərdə salan problemin səbəbi aydın oldu
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Son illər yağışın yağması ilə paytaxt küçələrində, bir sıra qəsəbələrdə vəziyyət acınacaqlı həddə çatır. Yağış suyunun yollarda yığılaraq qalması isə nəqliyyat və piyada hərəkətini əngəlləyib. Həmçinin, görünüş etibarı ilə də xoş olmayan mənzərə yaranır.

Yağış Bakının mərkəzi küçələrində hərəkəti "iflic etdi"

Müşahidələr deməyə əsas verir ki, daha əvvəlki illərdə vəziyyət bu qədər dözülməz deyildi. Bir-iki günlük yağışlı havalarda küçələr bu qədər keçilməz hala düşmürdü. Bəs nə baş verdi? Nə baş verdi ki, bu günlərə düşdü şəhərimiz? Səbəb nədir: Paytaxtda yağıntıların əvvəlki illərə nisbətən daha çox olması, su borularının, kanalizasiya sisteminin işlək vəziyyətdə olmaması, yoxsa nə?

Sputnik Azərbaycan bu sualların cavabını tapmağa çalışıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirdi ki, son 7-8 ildə ölkə ərazisinə düşən yağıntılar öncəki illərlə müqayisədə qeyri-bərabər paylanılıb: "2010-cu ildə düşən yağıntının miqdarı 402 ml, 2011-ci ildə 534 ml, 2013-cü ildə 374 ml, 2016-cı ildə 473 ml, 2017-ci ildə isə 351 ml olub".

"Lakin bu, o demək deyil ki, 2017-ci ildə və cari ilin 9 ayında düşən yağıntının miqdarı öncəki illərlə müqayisədə çox olub. Həmçinin yağışın miqdarının azaldığını da deyə bilmərik. 2016-cı il daha çox yağıntılı il kimi yadda qalmışdı. 2017-ci ildə isə yağıntılar bir qədər az oldu" – deyə G.Məmmədova əlavə etdi.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalovun fikirləri isə fərqli oldu: "Bu ilin yaz-yay aylarında yağış yağmadı. Son bir neçə gündür ki, yağış yağır. Öncəki illərə nəzər yetirdikdə, yağışın miqdarında azalmanın olduğunu deyə bilərik".

"Ümumiyyətlə, yağıntının miqdarının azalması və ya çoxalması güclü dövlətlərin siyasi oyunudur. Bu cür dövlətlər müxtəlif silahlar vasitəsilə ekoloji müharibə yarada bilirlər" – deyə T.Zeynalov əlavə etdi.

O, paytaxtda su gölməçələrinin yaranma səbəblərindən də danışdı: "Hər yeri asfaltlayıb, betonlayıblar. Binaların sayı çoxalıb. Yollarda yaşıllıq yoxdur ki, yığılan yağış suyu torpaq qatına hopsun. Axıdılacaq yer olmadığı üçün yağış suyu asfaltda qalır".

Payız başımıza əməlli-başlı bəla olub ki...

Suallarımıza "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən (ASC) də cavab almağa çalışdıq. ASC-nin mətbuat katibi Anar Cəbrayıllı şəhərin mövcud kanalizasiya infrastrukturunda problemlər olduğunu etiraf etdi: "Yağış intensiv və leysan xarakterli olduqda, həqiqətən də müəyyən problemlər yaranır. Kanalizasiya infrastrukturumuz tam gücü ilə işləsə də, eyni anda həmin su axınını daşıya bilmir".

"Sentyabrın 23-də də şəhərin Neftçilər, Ziya Bünyadov prospekti istiqamətində bu cür problemləri müşahidə etdik. Sistemlərimiz işlək vəziyyətdə olduğu üçün yağışın dayanmasından 20-25 dəqiqə sonra sular çəkilir" – deyə A.Cəbrayıllı əlavə etdi.

Qurumun sözçüsü onu da qeyd etdi ki, yenidənqurmadan sonra mövcud kanalizasiya xətləri daha çox yüklənib: "Öncələr paytaxtın yaşıllıq olan ərazilərində bu gün evlər tikilib. Məsələn, Dərnəgül yoluna nəzər salaq. Əvvəllər bu yol çox ensiz idi. Lakin bu gün həmin yol genişləndirilib, 6-7 zolaqlıdır".

Cəbrayıllının sözlərinə görə, belə olan halda toplanan suların həcmi artır: "Yəni torpaq sahəsi azaldıqca "Azərsu"nun şəbəkəsinə axıdılan suyun da həcmi artır. Həmçinin əvvəllər bir neçə həyət evinin olduğu ərazilərdə bu gün hündürmərtəbəli tikililər ucaldılıb. Sakinlərin sayının artması isə şəbəkəmizə axıdılan tullantı sularının həcminin böyüməsi deməkdir".

"Tullantı suları şəbəkəmizdə rahatlıqla daşına bilir. Bununla bağlı heç bir problem yoxdur. Sistemlər tam güclə işləsə də, yağış yağdıqda şəbəkəmiz dolduğu üçün suyun bir hissəsi küçələrdə yığılıb qalır" – deyə ASC rəsmisi əlavə etdi.

A.Cəbrayıllı onu da vurğuladı ki, Bakıətrafı qəsəbələrdə vəziyyət daha gərgindir. Belə ki, həmin qəsəbələrin bir çoxunda, ümumiyyətlə infrastruktur yoxdur.