MƏDƏNİYYƏT

Azərbaycanın ucqar guşəsində analoqsuz mənzərə - Ginnes rekorduna hazırlıq gedir

"Yaratdığım əsər həcmində heç yerdə miniatür rəsminə rast gəlmədim"
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Azərbaycan miniatür sənətinin ən qədim nümunələrinin yaradıldığı ölkələr sırasında yer alır. Kiçik həcmli olan və zərif formada təsvir edilən bu sənət, əsasən, kitab illüstrasiyaları kimi yaranıb, tarixi və bədii əsərlərə həsr olunub. Zaman keçdikcə miniatür üslubunda işlənən əsərlər tablo və divarlara da ayaq açaraq böyük incəsənət nümunələri yaradılıb.

Azərbaycanın ucqar guşəsində analoqsuz mənzərə - Ginnes rekorduna hazırlıq gedir

Yəqin ki, bir çoxları miniatür üslubunda çəkilən ən geniş həcmli divar rəsminin Azərbaycanda, daha dəqiqi ucqar rayonlardan olan Şəmkirdə olmasından xəbərsizdir. Sputnik Azərbaycan-ın bölgə müxbiri incəsənət əsərinin təfərrüatlarını oxucularımıza çatdırmaq məqsədilə, rəsmin çəkildiyi Şəmkir rayonunun Tarix-Diyarşünaslıq Muzeyində olub. Həm muzey direktorunun, həm əsərin müəllifinin fikirlərini öyrənib.

Muzeyin direktoru Cavanşir Pirverdiyev bildirib ki, əsərin tarixi qədim deyil. O, miniatür 2015-ci ildə, muzeyin yerləşdiyi binanın əsaslı yenidənqurma və təmir işləri başlayandan sonra, təmir dövründə hazırlandığını deyib.

Azərbaycanın ucqar guşəsində analoqsuz mənzərə - Ginnes rekorduna hazırlıq gedir

Cavanşir Pirverdiyevin sözlərinə görə, 1955-ci ildə tikilən hazırki muzey binası uzun müddət kinoteatr kimi fəaliyyət göstərib. Sonradan Şəmkir rayon rəhbərliyinin təşəbbüsü ilə uçub-dağılmaqda olan kinoteatrın muzey binası olması üçün əsaslı təmir-bərpa işləri aparılıb. Muzeyin təmiri ərəfəsində isə, belə bir əsərin yaradılması təşəbbüsü irəli sürülüb və bir ildən artıq müddət ərzində əsər işlənərək ərsəyə gəlib.

Muzey direktoru əsərin parametrləri haqqında danışarkən onun dünyada bu üslubda işlənmiş ən böyük divar rəsmi olduğunu qeyd edib: "Əsər yerli rəssam tərəfindən yaradılıb. 73 kvadrat metr sahəni əhatə edən rəsmdə 80-dən çox obraz əks edilib. Əsər toy motivində işlənilib. Demək olar, orta əsr mədəniyyətinin bütün çalarları burada öz əksini tapıb".

C.Pirverdiyev onu da əlavə edib ki, ucqar rayonda belə bir əsərin çəkilməsi muzeyi ziyarətə gələnlər tərəfindən yüksək dəyərləndirilir.

Divar rəsminin yaradıcısı rəssam Fərman Hüseynovla söhbət əsnasında məlum olub ki, o, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Rəssamlıq Akademiyasını bitirərək doğma rayonuna qayıdıb. Otuz iki yaşında SSRİ Rəssamlar İttifaqının üzvü olmuş rəssam, Şəmkirdə bu sahə üzrə iş olmadığı və maddi çətinliklər ucbatından memarlıq üzrə ikinci təhsil alıb.

Azərbaycanın ucqar guşəsində analoqsuz mənzərə - Ginnes rekorduna hazırlıq gedir

Uzun illər yaşadığı rayonda ikinci ixtisası üzrə işləyib. Lakin 2016-cı ildə rayon rəhbərliyinin təklifi ilə bəhs edilən əsər üçün qol çırmayıb. Sonuncu dəfə 36 il əvvəl diplom işi olaraq tabloda işlədiyi miniatür sənətinin incəliklərini elə gənclik həvəsilə divar rəsminə çevirib.

Rəssam bu əsəri üzərində 1 ildən artıq işlədiyini söyləyib: "Bu iş mənə təklif ediləndə qəbul etmək istəmədim. Arada rəsm çəksəm də, miniatür üslubunda 36 il heç bir şey işləməmişdim. Lakin mənə olan etimad yenidən gənclik həvəsimi oyatdı və gecəli-gündüzlü bir il müddətində bu əsərin ərsəyə gəlməsi üçün çalışdım".

Azərbaycanın ucqar guşəsində analoqsuz mənzərə - Ginnes rekorduna hazırlıq gedir

"Divar rəsmini xüsusi tempera boyasıyla işləmişəm. Bu boya, düzgün vurulduqda, 500-600 il solmadan divarda qala bilir. Əsərdə ölkəmizin orta əsr toy adət-ənənələri, milli geyimləri, milli musiqi alətləri, Şəmkir şəhərinə aid memarlıq nümunələri olduğu kimi təsvir edilib. Burada bir dənə də olsun, təsadüfi naxış yoxdur, hamısı ən xırda detalınadək milli ornamentlərimizin nümunəsində işlənilib" - deyə F.Hüseynov məlumat verib.

Rəssam onu da vurğulayıb ki, əsər ərsəyə gələndən sonra hər kəs tərəfindən xoş qarşılanıb: "Bu işimə görə mədəniyyət nazirimiz məni qəbul etdi. Səfəvilər dövrü miniatürləri ilə əyani tanışlıq üçün nazirliyin xətti ilə İrana göndərildim. İsfahan, Tehran, Təbriz şəhərlərindəki miniatür əsərlərlə və bu üslubda çəkilən divar rəsmləri ilə tanış oldum. Yaratdığım əsər həcmində heç yerdə miniatür rəsminə rast gəlmədim".

F.Hüseynov bu əsərini "Ginnesin rekordlar kitabı"na təqdim etmək qərarına gəlib. Bunun üçün ilk olaraq fərdi qaydada müraciət edib. Qarşılıqlı məktublaşmalar nəticəsində proses bir neçə mərhələdən keçib. Rəsmlə tanış olmaq üçün xüsusi nümayəndələr göndəriləcəyi haqda ona bildiriş gəlib. Lakin bundan sonra gələn məktubda qeyd olunub ki, əsər divar rəsmi olduğuna görə mülkiyyət sahibi tərəfindən müraciət olunmalıdır.

Muzeyin direktoru C.Pirverdiyev isə bildirib ki, divar rəsmi muzeyin daxilolma kitabına salınıb. Və miniatür üslubunda işlənmiş bu əsərin "Ginnesin rekordlar kitabı"na düşməsinə nail olmaq üçün çalışırlar.