CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq bağçalarında qanunsuz "yükləmələr" var - Tərbiyəçilər də narazıdır, valideynlər də

Şikayətlərdə qeyd olunur ki, bağça müdirləri müəyyən "haqq" qarşılığında qrupları əlavə uşaqlarla "yükləyirlər" ki, bu da bağçada çalışanların məsuliyyətini və iş yükünü artırır
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin müvafiq qərarı hələ 2010-cu ildə təsdiq edilib və həmin gündən qüvvəyə minib. Bu qərarda bağçalarda dərs otaqları, qruplardakı uşaqların sayı və s. haqqında müddəalar yer alıb.

Valideynlərin əli ürəyinin üstündə qalıb: Bundan sonra övladımı bağçaya aparım, ya yox?

Ancaq təəssüf ki, bu gün bir çox bağçalarda bu qərarın müddəaları nəzərə alınmır. Qruplara aidiyyatı qurumlara təqdim edilən saydan daha çox uşaq qəbul edilir, bağçalarda iki jurnalla - əsas və əlavə jurnalla fəaliyyət göstərirlər.

Və bütün bunlarla yanaşı, bağçalara müvafiq qurumlardan yoxlama gəldiyi zaman uşaqların bağçaya gəlməməsinə görə tərbiyəçi və texniki işçilər cərimə edilirlər. Daha çox da Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının bağçalarda belə yoxlamalar apardıqları, bağçaya gəlməyən uşağa qayıb qoymadığı üçün tərbiyəçi və texniki işçiləri cərimələdikləri iddia olunur.

Bununla bağlı Sputnik Azərbaycan-ın redaksiyasına artıq dəfələrlə müraciətlər daxil olub. Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən bağçaların tərbiyyəçilər, texniki işçilər, eləcə də valideynlər mövcud durumdan narazıdırlar. Şikayətlərdə qeyd olunur ki, bağça müdirləri müəyyən "haqq" qarşılığında qrupları əlavə uşaqlarla "yükləyirlər" ki, bu da bağçada çalışanların məsuliyyətini və iş yükünü artırır.

Üstəlik, uşaqlara sərf olunacaq enerji və vaxt azalır. Ayrıca, bir çarpayıda 2 uşaq yatızdırılır, yeməkləri bölünür və s.

Maraqlıdır, bu kimi vəziyyətlər mövcud qanunvericilikdə necə tənzimlənir? Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, bağçalarda təhsil alan şagirdlərin gündəlik dərs davamiyyəti ilə bağlı hər hansı bir rəsmi jurnal mövcud deyil: "Hansısa uşağın davamiyyətinin müntəzəm olmamasına, davamiyyət qeydiyyatının aparılmamasına görə bağça tərbiyəçisinin hansısa cəzaya məruz qalması qanunvericilikdə nəzərdə tutulmayıb".

Onların adını eşidən valideyn "daş atıb başını tutur", amma məmnun olanlar da var

Ekspert qeyd edib ki, hər bir bağçada uşaqlarla bağlı tibbi qeyd dəftəri olmalıdır. Həmin dəftərdə uşaqların keçirdiyi xəstəliklər, peyvəndləri barədə qeydlər aparılmalıdır.

K.Əsədovun sözlərinə görə, Azərbaycanda bağçalar təkcə çalışan işçilərin bilik və bacarıqları yox, eyni zamanda uşaq bağçasının quruluşu, işləmə metodu, idarə edilməsi baxımından belə, dünya standartlarına cavab vermir: "Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dönəmində hazırlanıb. Bu gün də o normativlər tətbiq olunur".

"Bu günün reallıqları isə o normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Sinif otaqlarında 20 uşaq tərbiyə almalıdır" - müsahibimiz vurğulayıb.

Əsədovun fikrincə, özəl bağçalarda istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub: "Orda çalışan tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil".

Özəl bağça rəhbəri Rasif Dünyamalıyev də bildirib ki, qanunvericiliyə görə, sinif otaqlarında 20 uşaq olmalıdır: "Yəni 20 uşaq üçün 50 kvadratmetr ərazi nəzərdə tutulub. Əgər otaq bundan kiçikdirsə, orada 20 uşaq saxlamaq olmaz".

Dünyamalıyev, həmçinin qeyd edib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bağçalarda mütəmadi yoxlamalar aparır: "Bu yoxlamalar mətbəx, qidalar, otaqların təmizliyi və əgər bağçada yayılmış xüsusi bir xəstəlik varsa, onunla əlaqəli ola bilər. Mərkəzin nümayəndələri, adətən, uşaqların xəstəliklərinə, peyvəndlərinə nəzarət edir. Hansısa uşağın bağçaya gəlməməsi isə nəzarət mərkəzin səlahiyyətində deyil və bu qurumun nümayəndəsi buna görə cərimə tətbiq edə bilməz".

Müsahibimiz onu da vurğulayıb ki, bütün bağçalarda davamiyyət kitabçaları olur: "Burada uşaqların bağçaya gəlib-gəlməməsi də qeydə alınır. Ancaq bu, dövlət bağçalarında yemək miqdarının dəqiqləşdirilməsi üçündür. Özəl bağçalarda isə uşaq dərsə gəldi-gəlmədi, onun yeməyi hazırlanır".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, Gigiyena və Epidemiologiya Mərkəzi hər hansı bir müəssisə və obyektə gedərkən, ancaq oradakı təmizliyə və gigiyenik qaydalara riayət olunub-olunmamasına nəzarət edə bilər. Oradakı işçilərin işdə, yaxud da uşaqların bağçada olub-olmamasının mərkəzə heç bir aidiyyatı yoxdur.