BAKI, 15 noyabr — Sputnik. Gürcüstan paytaxtı Tbilisinin Zemo Poniçala qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının birində güclü partlayış baş verib.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, binanın üçüncü mərtəbəsində səhər saatlarında qeydə alınan partlayışa məişət qazının sızması səbəb olub.
Baş vermiş partlayış binanın 3 və 4-cü mərtəbələrinin dağılması ilə nəticələnib.
Hadisə nəticəsində ana və onun azyaşlı uşağı ölüb. Binada həyata keçirilən axtarış-xilasedici əməliyyat zamanı onların meyitləri dağıntılar altında aşkar olunub.
Partlayış binanın bir hissəsinin uçmasına səbəb olub. Bir neçə mərtəbəyə və həyətdəki avtomobillərə ciddi ziyan dəyib, bütün mənzillərin pəncərələri sınıb.
Daha bir neçə nəfər isə yaralanıb. Xəsarət alan 3 nəfərin Məmmədovlar ailəsinin üzvləri olduğu bildirilir.
Onlar 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsidir.
Xəsarət alan gəncin qayınatası Namaz İbrahimov onların yerləşdirildiyi Yanıq Mərkəzinə baş çəkib. O, jurnalistlərə açıqlamasında hadisə barədə məlumatlı olmadığını bildirib: “Bizə klinikadan zəng vurdular. Uşağın anası Azərbaycandadır, ona qəza barədə məlumat vermişəm”.
Məmmədovlar ailəsinin üzvləri Yanıq Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzin rəhbəri Guqi Kaşibadze bildirib ki, onlar ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıblar.
Qeyd edək ki, Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Yanıq Mərkəzinə baş çəkib və partlayışda xəsarət alanların vəziyyəti ilə tanış olub.