CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan kişiləri atalıq məzuniyyətinə çıxmaq istəyirlər

"Hazırkı qanunvericilik qəti şəkildə sosial dövlət prinsipinə uyğun deyil"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Milli Məclisdə atalıq məzuniyyəti məsələsi müzakirə edilib. Təklif olunub ki, atalar da ödənişli əsaslarla atalıq məzuniyyətinə çıxsınlar. Hazırda məsələ müzakirə mərhələsindədir.

"Əmək məzuniyyətlərinin müddətləri"nə dəyişiklik edildi

Maraqlıdır, artıq dünyada illərdir ki, tətbiq olunan bu qanunun Azərbaycanda da qəbul edilməsini cəmiyyətimiz necə qarşılayır? Kişilərimiz ödənişli atalıq məzuniyyətinə çıxmağa necə baxırlar? Bu qanun qüvvəyə minsə, atalıq məzuniyyətindən istifadə edənlər olacaqmı?

Sputnik Azərbaycan bu suallara cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Aldığımız cavablar çox maraqlı olub:

Əziz Əlibəyli: "Azərbaycanda yenidən xüsusi ailə planlamasına ehtiyac var. İndiki Ailə Məcəlləsi dəyişməlidir, çünki qanun fərdlərin qurduğu ailənin hüquqlarının təsbitinə əsaslanır. Hazırkı qanunvericilik qəti şəkildə sosial dövlət prinsipinə uyğun deyil. Bu gün Azərbaycanda, az qala üç uşaqlı ailə tapmaq mümkün deyil. Təsəvvür edin, fors-major halda, ailədə üçüncü bir şəxs olmadıqda, köməyə möhtac qadına kimin baxacağı bilinmir. Çünki kişi işdən qalaraq heç həyat yoldaşına kömək edə bilmir. Qadının kifayət qədər analıq məzuniyyətinə çıxması mümkün olsa da, kişi haqda Məcəllədə bir dənə də olsun, bu barədə söz yoxdur. Faktiki, bu missiya atanın üzərinə düşürsə, kişinin sosial müdafiəsi yoxdur. Evdə keçirdiyi zamana görə əlavə ödəniş almır".

Nərmin Əkbərli: "Bu qanun qüvvəyə minsə, analar evdə iki uşağa baxmalı olacaq".

Ziya Qasımov: "Hələ ata olmadığım üçün bu barədə fikir söyləyə bilmərəm. Amma məncə, yaxşı olar".

Orxan Kərimov: "Əlbəttə, atalıq məzuniyyəti lazımdır, amma ödənişli olsun. Ödənişsiz olarsa, ehtiyac yoxdur. Ödənişsiz məzuniyyət yeni ata olan birinə heç sərf etməz. Fikrimcə, həm yaxşı ödəniş olmalıdır, həm də müddəti uzun olmalıdır".

Qadınlara qarşı cinsi ayrı-seçkiliyin kişilərin özləri üçün təhlükəsi

Elyar Həsənov: "Dövlət sağlamlığın və nəsil artırmanın qayğısına qalır. Bu prinsip atalıq məzuniyyətini zəruri edə bilər. Bu, çox normal haldır və vacibdir".

Nara Rəşidova: "Ata məzuniyyətə çıxıb uşağa baxacaqsa, ailəni kim dolandıracaq? Həm də ata ana kimi körpəyə baxa bilməz. Məncə, lazımsız bir işdir, heç istifadə eləyən də olmayacaq. İndi heç analıq məzuniyyətindən istifadə etmirlər, çünki uşağa aylıq verilən uşaqpulu 44 manatdır. Bu da heç kəsi qane etmədiyi üçün hər kəs uşağına baxıcı tutub, işə çıxır. Əlbəttə burada söhbət yüksək əmək haqqı alan valideynlərdən gedir".

Vüqar Quliyev: "Hal-hazırda evdə təkəm. 10 aylıq və 3 yaşlı qızlarıma özüm baxıram. Bunu çox zaman edirəm".

Leyla Abdullayeva: "Çox gözəl qanundur. Bu qanun qüvvəyə minsə, qadınlar ürəklənib, daha çox övlad dünyaya gətirərlər".

Kazım Kazımov: "Mən hələ atalıq məzuniyyətindəyəm. Həm də tam əmək haqqımı alıram. Qeyd edim ki, Norveçdə yaşayıram".

Günel Eminli: "Atalıq məzuniyyəti var, övlad doğulanda kişiyə 15 gün məzuniyyət verilə bilər, Əmək Məcəlləsində nəzərdə tutulub, sadəcə çoxu ya məlumatsızdır, ya da bundan istifadə etmir".

Vüsal Qarayev: "Atalıq məzuniyyətinə çıxmadan da axşamlar, işdən sonra uşaqlarıma baxıram, yoldaşıma kömək edirəm. Məzuniyyət olsa, ümumiyyətlə, əla olar".