Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür

Dünya Səhiyyə Təşkilatı Valentin Qayuinin doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü kimi elan edib
Sputnik

BAKI, 13 noyabr - Sputnik. Hər il 13 noyabrda Beynəlxalq Gözdən Əlillər Günü qeyd olunur. Bu tarix fransız pedaqoqu, ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. Sputnik Azərbaycan xəbər verir ki, Valentin Qayui 1745-ci ilin 13 noyabrında Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. 

Azərbaycanda nadir sindroma tutulan adam: "Allah ağlımı almasın"

V.Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün "işləyən korların emalatxanası"nı açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib. O, kor uşaqlarının təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı "unsial" adlanan xüsusi qabarıq şriftin köməyi ilə kor uşaqlara oxu öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Kor uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına da yiyələniblər. 

Valentin Qayui, həmçinin gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur. O, mətbəə yaradaraq qabarıq-xətti şriftlə korlar üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl kor uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb. 1803-cü ildə Rusiya imperatoru I Aleksandr Valentin Qayuinu Sankt-Peterburqda gözdən əlillər üçün tədris-tərbiyə müəssisəsi açmağa dəvət edib. 1807-ci ildə Sankt-Peterburqda gözdən əlillər üçün institutun ştat vahidi və büdcə vəsaiti təsdiq edilib.

Dünya Səhiyyə Təşkilatı da Valentin Qayuinin doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü kimi elan edib. Hazırda dünyada, təxminən, 124 milyon gözdən əlil yaşayır. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2020-ci ilə qədər onların sayı daha da arta bilər.

Qeyd edəki ki, Azərbaycanda da 2002-ci ildən etibarən Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir.