HADİSƏ

Şahin qaçaqmalçılığı ilə məşğul olan azərbaycanlı Dağıstanda tutuldu

Azərbaycan vətəndaşı maşının kapotunda Rusiyadan ölkəmizə vəhşi quşları gətirərkən saxlanılıb
Sputnik

BAKI, 13 noyabr — Sputnik. Dağıstan gömrükçüləri Məhərrəmkənd gömrük-keçid məntəqəsində Qızılquşlar fəsiləsindən olan şahin quşlarını gizli yolla Rusiyadan Azərbaycana keçirməyə çalışan avtomobili saxlayıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə RF Federal Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin saytında xəbər yayılıb.

Şahin qaçaqmalçılığı ilə məşğul olan azərbaycanlı Dağıstanda tutuldu

Məlumata görə, 12 noyabr 2018-ci il tarixində Rusiya Federal Gömrük Xidmətinin Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinə adı "Qırmızı kitab"a düşmüş vəhşi quşların aparıldığı barədə operativ informasiya daxil olub.

Federal Gömrük Xidmətinin Dağıstan və Şimali Qafqaz Gömrük İdarələrinin əməliyyat-axtarış bölməsinin əməkdaşları RF Dağıstan Respublikası üzrə FTX-nın sərhəd xidmətinin əməkdaşları ilə birlikdə Dərbənd şəhərində "Volkswagen Sharan" markalı avtomobilə baxış keçiriblər. Nəticədə avtomobilin "kapot"u altından üç ədəd quş tapılıb. Sükan arxasında Azərbaycan vətəndaşı olub.

Şahin qaçaqmalçılığı ilə məşğul olan azərbaycanlı Dağıstanda tutuldu

Bu faktda cinayət tərkibinin olub-olmaması araşdırılır. Bundan əlavə, faktla bağlı RF Cinayət Məcəlləsinin 226.1 maddəsi (Xüsusilə qiymətli vəhşi heyvanların (quşların) qaçaqmalçılığı) ilə cinayət işinin açılması gözlənilir.

Qeyd edək ki, son dövrlərdə Azərbaycanda vəhşi quşların, xüsusilə də ov məqsədilə istifadə edilən şahin quşlarının gizli yollarla əldə edilməsi və satışı məsələsi aktualdır. Xüsusilə ərəb turistlər ov zamanı əhilləşdirilmiş şahin quşundan istifadə edirlər. Onlar ölkəmizə ov məqsədilə gələrkən, bu quşların yardımından faydalanırlar. Hətta qeyri-rəsmi məlumatlara görə, təlim görmüş şahin quşları çox baha qiymətə satılır. İmkanlı şəxslər ov əyləncəsi zamanı onlardan istifadə edirlər.