İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 13 noyabr — Sputnik. O, 57 yaşına qədər artıq bir dəfə "dünyasını dəyişib" — işıqlı dünyadan "qaranlıq dünyaya" düşərək. Özü bunu "Biri var, anadangəlmə görməyəsən, biri də var, sonradan gözlərin tutula, bu, lap dəhşətdir" deyə izah edir. Lakin bütün dəhşətə dözərək özündə güc tapıb və öz qaranlıq dünyasında həyatını davam etdirib. Özü də fərqli şəkildə.
Hazırda Qazax rayonunda yaşayan İlqar Əliyev indiki Ağstafanın Poylu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra instituta qəbul ola bilməyib və hərbi xidmətə yollanıb. Hərbi xidmətdə öz bacarığı ilə "starşina" rütbəsinə kimi yüksələn İlqar, orada bir azərbaycanlı zabitin məsləhəti ilə milis məktəbinə qəbul olunub.
Vətənə döndükdən sonra baş verənlər isə onu fələyə "təslim olmağa" məcbur edib. Belə ki, 1982-ci ildə sol gözündə başlayan qəfil ağrılar ucbatından xəstəxanaya düşməli olub. Müayinələr zamanı onun, yoluxma səbəbi elmə məlum olmayan, nadir rast gəlinən "Behçet sindromu"-na tutulduğu məlum olub.
Uzunmüddətli müalicələrə baxmayaraq, 14 ildən sonra gözlərinin nurunu tamamilə itirib.
Böyük sıxıntı və depressiya yaşayan qəhrəmanımız bir neçə dəfə özünə qəsd etmək istəsə də, dostlarının yardımı ilə bu vəziyyətdən çıxıb və həyatını yeni səhifədən davam etdirib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində İlqar Əliyev öz qaranlıq dünyasında ən böyük yardımçısının, sirdaşının, yol yoldaşının "qara" saz olduğunu söyləyir: "Saz həyatımdır, onsuz bir gün də yaşaya bilməzdim. Darıxanda, sıxılanda götürüb bircə hava ifa edirəm, bütün keçmişim, gələcəyim keçir gözlərim qarşısından, görməməyimi yaddan çıxarıram".
"Elə olur ki, saz qucağımda olanda hayqırıram, özümdən asılı olmayaraq, gözümdən yaş axır. Uşaqlığım, gəzdiyim, gördüyüm yerlər düşür yadıma. Ruhu qidamı alıb, bütün neqativimi çıxarıb, rahatlanandan sonra aparıb qoyuram yerinə" — deyir müsahibimiz.
Əvvəl gitara ifaçısı olduğunu deyən İlqar Əliyev, saz çalmağı gözləri tutulandan sonra müstəqil olaraq öyrənib: "Saz simfoniyadır, saz tariximizdir, sazda hər şey var. Gitara məni bu qədər həyata bağlaya bilməzdi, sıxıntıya dözə bilməzdim".
Həmsöhbətimiz hər hansı bir məşğuliyyət olmadığından, gözdən əlillər üçün həyatın çox çətin keçdiyini deyir: "Sovet dövründə Gözdən Əlillər Cəmiyyətinin nəzdində xüsusi sexlər fəaliyyət göstərirdi, görməyən, zəif görən əlillər işə cəlb olunurdu. Həm baş qarışırdı, həm aylıq məvacib alınırdı, həm də sanatoriyalara göndərirdilər. İndi heç nə yoxdur, cəmiyyətin bir adı qalıb".
İlqar artıq 22 ildir gözlərinin nurunu tam itirsə də, yenidən görməsi üçün bir ümid işığı parlayıb. Televiziya vasitəsilə tapdığı, xaricdən gələn həkimin yardımı ilə nə vaxtsa, bir gözüylə də olsa, yenidən Günəşi görmək ümidindədir. Hətta "bunu can verən adamlara yazırlar" — dediyi, gündəlik qəbul etdiyi hormonal dərmanın qəbulunu da artıq dayandırıb.
"Türkiyəli həkimdir. Müalicəni davam etdirə bilsəm, gözlərimin bir ilə açılacağını deyir. İlk dəfə o həkimə gedəndə dedim ki, "həkim, mən bu qaranlıq dünyamı qəbul etmişəm, öyrəşmişəm, bircə ölüyə verilən bu dərmanı içməyim, bunu içmək məni öldürür. Artıq bir müddətdir onun verdiyi dərmanları qəbul edirəm, hormonal dərmanı kəsmişəm. Əvvəlki kimi əks təsirini daha göstərmir" – deyə o bildirir.
İlqar Əliyev gözlərinin görməməsinə baxmayaraq, özünü əlil saymır: "Mən əlil deyiləm, əlil iki gözü, iki əli, iki ayağı olsa da, iş tapıb ailəsini dolandıra bilməyənlərdir. Əlil özlərini zəlil gününə məhkum edənlərdir. Deyirlər, "sənə pensiya verilir, ona görə belə danışırsan". Onlara deyirəm ki, istəmirəm mən o pensiyanı, onu da sizə verərəm, təki mənim gözlərim açılsın"
Qəhrəmanımız Allahın onu bu şəkildə sınağa çəkdiyini fikirləşir. Düşünür ki, onun üçün ən böyük dərd gözlərini deyil, ağlını itirmək olardı. Buna görə də həmişə Allaha şükür edir. İlqar Əliyevin gözlərini bu gün onun iki oğul övladı əvəz edir, onlarla gördüyünü deyir.