CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəxti qara gətirən yol yenidən dağılıb, kəndə ancaq böyük maşınlar gedə bilir

"İkinci dəfə təmir ediləndə də təklif etdik, yenə bizi dinləmədilər"
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. 2017-ci ilin dekabr ayında təmir olunaraq istifadəyə verilən Təxtənəkəran-Miki avtomobil yolunun bu ilin mart ayında asfalt qatının bəzi hissələrinin eroziyaya uğrayaraq dağılması haqqında xəbər vermişdik. Sakinlərin həmin şikayətindən sonra yol bu ilin yay aylarında yenidən təmir olundu. Lakin son günlər yağan leysan yağışları nəticəsində başıbəlalı Təxtənəkəran-Miki yolunda daha böyük problem yaranıb.

Rayonu sel vurdu, çay daşdı, bir kəndlə əlaqə kəsildi

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, son günlər Cənub bölgəsində yağan intensiv yağışlar nəticəsində Astara rayonunun dağ kəndlərində sürüşmə aktivliyi artıb. Nəticədə də Təxtənəkəran-Miki avtomobil yolunun 5-ci kilometrliyində asfalt qatı, təxminən, 18-20 metr uzunluqda aralanıb, çatlar yaranıb.

Miki sakini Firdovsi Nurəliyev bildirib ki, yolun dağılmış hissəsindən ancaq yolsuzluq avtomobilləri keçə bilir: "Haradasa 1 ildir ki, bu yol istifadəyə verilib. 10-15 gün olar, bu yolda çökmələr yaranıb. Bir neçə gün öncə Mikinin yuxarı başına gediş-gəliş kəsilmişdi. Camaat özü yola daş-torpaq tökərək, bir təhər özləri üçün keçməyə şərait yaradıb. İndi burdan ancaq altı hündür maşınlar keçə bilir”.

Bəxti qara gətirən yol yenidən dağılıb, kəndə ancaq böyük maşınlar gedə bilir

Kəndin digər sakini Meybulla Xalıqov isə deyib ki, yolda sürüşmənin baş verməsinin səbəblərindən biri də məhz həmin ərazidə dağdan axan qrunt sularıdır: "Buraların relyefinə bələd olduğumuz üçün bu yolda təmir-bərpa işləri aparılan vaxt yolda çalışanlara bildirdik ki, məhz bu hissəsə asfalt örtüyünün altına iri diametrli suötürücü borusu qoymaq və beton bərkitmə işləri görmək lazımdır. Dağdan axan qrunt suları asfalt örtüyünün altından keçərək, torpaq qatını yumasın, borunun içərisi ilə axıb aşağıda çaya tökülsün deyə. Onlar bizim təklifimizə heç əhəmiyyət də vermədilər”.

Bəxti qara gətirən yol yenidən dağılıb, kəndə ancaq böyük maşınlar gedə bilir

“Bu yay ikinci dəfə yol təmir ediləndə də təklif etdik, yenə də bizi dinləmədilər. Hazırda yol bərbad vəziyyətdədir, əksər minik avtomobilləri buradan keçə bilmir" – deyə kənd sakini əlavə edib.

Qeyd edək ki, torpaq sürüşməsi Təxtənəkəran-Miki yolunun təkcə 5-ci kilometrliyində deyil. Yol boyu bir neçə yerdə torpağın və qaya parçalarının sürüşərək yola töküldüyü də müşahidə edilir.

Bəxti qara gətirən yol yenidən dağılıb, kəndə ancaq böyük maşınlar gedə bilir

Kənd ağsaqqalı Şahmirzə Nəsirovun sözlərinə görə, problem barədə artıq kənd icra nümayəndəliyinə və bələdiyyəyə müraciət ediblər: "Biz onlara bildirdik ki, yolumuz kəsilmək üzrədir, vəziyyət pisləşir. Qarşıda hələ çox yağıntılı günlər olacaq. Belə davam edərsə, yol sürüşüb çaya gedəcək".

Əlavə edək ki, sürüşmə nəticəsində kənddə sitrus bağlarına da ziyan dəyib. Firdovsi Nurəliyevə məxsus, əraziyə yaxın bağda limon və naringi ağaclarının bir çoxu torpaq altında qalıb. Bəziləri ərazinin yaxınlığından keçən çaya tərəf sürüşüb.

Torpaq sürüşməsi ilə bağlı Astara Rayonu İcra Hakimiyyətinin Siyəkü kəndi İnzibati Ərazi İdarəetmə üzrə nümayəndəsi Xanəhməd Zahirovla əlaqə saxladıq. O bildirdi ki, Təxtənəkəran-Miki yolunda baş verən sürüşmə ilə bağlı artıq rayon rəsmiləri və yolun tikintisində iştirak edən podratçı təşkilat məlumatlandırılıb: "Hava şəraiti əl verərsə, yaxın günlərdə podratçı təşkilat sürüşən ərazidə təmir-bərpa işlərinə başlayacaq".

Bəxti qara gətirən yol yenidən dağılıb, kəndə ancaq böyük maşınlar gedə bilir

Məlumat üçün bildirək ki, 1100 nəfər əhalisi olan Miki kəndinin rayon mərkəzi ilə arasında 35 km məsafə var və bu yol rayon mərkəzinə aparan yeganə yoldur. Heç bir alternativi yoxdur. Hazırda isə bölgəyə leysan xarakterli yağış yağır. Ümid edək ki, bu yağışdan sonra kənd yolu, tamamilə dağılmayacaq.