Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 12 noyabr — Sputnik. Radikal dini qrupun üzvləri "cinçıxarma" adı ilə gənci döyüb öldürüblər. Sputnik Azərbacan-ın bölgə müxbirinin yerli hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Şabran şəhərində baş verib.
Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Soltanov Murad Şahin oğlu psixi xəstəlikdən əziyyət çəkirmiş. Atası Şahin Soltanov "cinçıxarma" məqsədilə oğlunu Şabran şəhərinə gətirib. Ata 2 həftə ərzində oğlunu Şabranda kirayə tutduğu evdə saxlayıb.
Və Ş.Soltanov "cinçıxaranlardan" oğluna yardım etmələrini xahiş edib. Rayon sakinləri Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov bu işdə ona kömək edəcəklərini deyiblər. Onlar Muradı Vüsalə adlı qadının evinə aparıblar, hadisə də həmin evdə baş verib.
Noyabr ayının 9-da həmin altı şəxs çubuqla 2 saat ərzində M.Soltanovu döyüblər. Sonda uşağın vəziyyətinin ağır olduğunu gördükdə atasına xəbər veriblər. Ş.Soltanov övladını evə aparan zaman evdə dünyasını dəyişib.
İlkin ehtimala görə, hadisənin əsas təşkilatçısı Füzuli Qəribov hesab edilir. Dəstə üzvlərinin dini radikal qrupun üzvləri olduğu söylənilir. Hadisə ilə bağlı Şabran Rayon Prokurorlğunda cinayət işi açılıb, istintaq gedir.