HADİSƏ

Şabrandakı "cinçıxarma" prosesinin şok təfərrüatı və görüntüsü üzə çıxdı

Atası molladan tələb edib ki, oğlunu möhkəm döysün və cin onun bədənindən biryolluq çıxsın
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. "Cinçıxaran" və onun ortaqları Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar noyabrın 10-da Şabran şəhəri ərazisində baş vermiş amansız qətlin araşdırılması nəticəsində saxlanılıblar.

Şabranda qorxunc olay: "Cinçıxaranlar" gənc oğlanı döyə-döyə öldürüblər

Bu barədə Sputnik Azərbaycan-a Şabran rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, qətlin qurbanı psixi xəstəlikdən əziyyət çəkən, 1993-cü il təvəllüdlü Soltanov Murad Şahin oğlu olub. Noyabrın 9-dan 10-na keçən gecə gənc oğlan kirayə qaldığı mənzildə vəhşicəsinə döyülərək öldürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, faktla bağlı aparılan araşdırma zamanı Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov saxlanılıb.

Saxlanılan şəxslərin ilkin dindirilmə zamanı dedikləri istintaq-əməliyyat qrupunun üzvlərini şoka salıb. Əməliyyatçılar Şabran ərazisində ilk dəfədir ki, belə faktla qarşılaşdıqlarını bildiriblər: "Faciəyə səbəb insan cahilliyi olub. Ən çox diqqətçəkən məqam ondan ibarətdir ki, bu adamlar xəstəyə kömək etmək istəyərkən, özləri də bilmədən arzuolunmaz cinayətin iştirakçısına çevriliblər".

Məlum olub ki, əvvəlcə Şahin Sultanov oğlunu psixi xəstəlikdən müalicə etdirmək məqsədilə Sabunçu rayonu Maştağa qəsəbəsinə gətirib. Burada o, kömək üçün mollaya müraciət edib. Molla Murada "Quran" oxumaqla dua edib.

Lakin Şahin Sultanov mollanın işindən razı qalmayıb. Çünki bundan sonra oğlunun davranışlarında heç bir dəyişiklik baş verməyib. Bundan sonra kişi digər molla - Fizuli Qəribovu taparaq oğlunu onun yanına aparıb. Sultanov Qəribova 400 manat verib və bildirib ki, Muradın bədənindən şər qüvvələrin çıxarılması üçün onun daha effektiv üsullardan, məsələn çubuqla döyülməsindən istifadə eləsin.

Şabrandakı "cinçıxarma" prosesinin şok təfərrüatı və görüntüsü üzə çıxdı

Qəribov deyib ki, əvvəllər heç vaxt döymək təcrübəsindən istifadə etməyib. O, xəstənin ruhundan şeytanı çıxarmaq və onu sağaltmaq üçün yalnız duadan istifadə edir. Lakin ata Sultanov öz təklifinin yerinə yetirilməsinə təkid edib.

O, Qəribovu Şabrana gətirib ki, Muradın "sağaldılma seansı"nı buradakı kirayə mənzildə həyata keçisin. Sultanovla birlikdə onun dostu da gəlib. Kişi köməyə qonşuları da çağırıb. Muradın əl-qolunu tutmaq lazım gəlib ki, molla cinin çıxarılması ritualını maneəsiz həyata keçirsin.

Nar çubuqları ilə silahlanmış Qəribov işə başlayıb. Bədbəxt Muradın atası molladan tələb edib ki, oğlunu möhkəm döysün və cin onun bədənindən biryolluq çıxsın.

Murad Sultanov təpik atıb, qışqırıb, lakin heç kəs ona acımayıb və proses dayandırılmayıb. Psixi xəstəni "sağlam adamlar" iki saat ərzində möhkəm döyüblər. Xəstə bu ağrıya tab gətirməyib. "Cinçıxarma" prosesi başa çatandan dərhal sonra halı pisləşib və ölüb.

Qonşumuzda iki cadugər edam edildi

"Cinçıxarma" prosesində iştirak edən Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı "Toz-8" markalı tüfəng də aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.