HADİSƏ

Cənub bölgəsində fövqəladə vəziyyət yaranıb, sakinlər təxliyə olunur - FOTO/VİDEO

Güclü yağış və sel Lənkəranı ağuşuna alıb, altı kənd su altında qalıb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Cənub zonasına ötən gün axşam saatlarından etibarən yağmağa başlayan leysan nəticəsində Lənkəranın bir neçə kəndi su altında qalıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Şovu, Şağlakücə, Bürcəli, Səpnəkəran, Türkəkəran və Yuxarı Nüvədi kəndlərini su basıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri evlərdə köməksiz vəziyyətdə qalmış kənd sakinlərini qayıqlarla təxliyə ediblər.

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Möhübbət Babayevin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, leysan yağışları rayonun dağlıq və dağətəyi ərazilərinə daha çox yağıb. Nəticədə su dağlıq ərazidən dağətəyi ərazilərdəki kəndlərin ərazisinə dolub.

"Bu haqda məlumat alan kimi, dərhal Fövqəladə Hallar Komissiyası toplandı. Ondan artıq ağır texnika və canlı qüvvə cəlb edilərək su basmış əraziyə göndərildi. Əraziyə eləcə də FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb edilib" - müsahibimiz bildirib.

"10-dan artıq ailə su basmış evlərdən təxliyə edilib. Suyun istiqamətini dəyişmək üçün ağır texnikadan istifadə edilir. Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində işləyir və vəziyyət nəzarətimiz altındadır. Əsas məqsədimiz insan tələfatının qarşısını almaqdır. Sonra isə vətəndaşlara dəyən maddi ziyan və digər məsələlərə baxılacaq" – deyə Möhübbət Babayev əlavə edib.

Məlumat üçün bildirək ki, Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonunun Yuxarı Nüvədi, Səpnəkəran və Bürcəli kəndləri ərazisindən keçən bir neçə hissəsini sel suyu basıb.

Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, yağan yağış aylıq normanın 60-70%-ni təşkil edir: "Yağış ən çox Lənkəran ərazisində yağıb. Bu saata kimi, təxminən, 110 mm yağış düşüb. Yağış ayın 13-ə kimi davam edəcək, 14 noyabr tarixində günün ikinci yarısından sonra isə yenidən yağmağa başlayacaq".

"Bəzi yerlərdə isə leysan xarakterli olacaq. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda suyun səviyyəsi 1metrə yaxın artıb" - C.Hüseynov vurğulayıb.

Qeyd edək ki, ötən gün axşam saatlarından yağan yağış, əsasən, Lənkəran və Astara rayonlarının ərazisinə düşüb. Hazırda yağış bir qədər səngiyib.